Millət vəkili Qənirə Paşayeva Turizmə Dəstək Gənclər Koalisiyası tərəfindən qanunvericilikdə turizmin inkişafına göstərdiyi dəstəyə görə "Turizm – 2011" mükafatına layiq görülüb. SİA-nın xəbərinə görə, mükafatı millət vəkilinə təqdim edən Turizmə Dəstək Gənclər Koalisiyasının baş koordinatoru Ramiz Əliyev vurğulayıb ki, hər zaman gənclərə göstərdiyi dəstəyi ilə fərqlənən millət vəkili Qənirə Paşayeva turizmin inkişafı ilə bağlı qanunvericilik aktlarına, turizmin inkişafı istiqamətində çalışan gənclər təşkilatlarına daima öz dəstəyini əsirgəmir.
Mükafata görə Turizmə Dəstək Gənclər Koalisiyası minnətdarlığını bildirən Qənirə Paşayeva öz çıxışında qeyd edib ki, yola saldığımız 2011-ci il turizm ili ərzində bu sahənin inkişafı istiqamətində ölkədə mühüm işlər görülmüşdür və görülməkdədir. Turizm sahəsinə dövlət səviyyəsində diqqət və qayğı getdikcə daha da artır. O, bildirib ki, hər birimiz taksi sürücüsündən, restoran işçisinə, sadə vətəndaşdan tutmuş ziyalıya qədər bilməliyik ki, ölkəmizə gələn turistlər qayıtdıqdan sonra öz ölkələrində Azərbaycanla bağlı danışacaqlar.
Biz turizmlə bağlı ciddi rəqabət regionunda yaşayırıq deyən millət vəkili bildirib ki, Azərbaycan təbiətinin bu rəqabət üçün bütün potensialı var: "Turizmdə qiymətlərin baha olmaması və yaxşı xidmət bu sahənin inkişafında və rəqabətdə əsas faktorlardandır. Bu sahədə getdikcə irəliləyişlərin olduğunu görürük. Amma hələ görüləsi də çox işlər var. Mən inanıram ki, Azərbaycana yaxın illərdə gələn turistlərin sayı dəfələrlə artacaq. Bu sahənin inkişafının dövlətin prioritetləri arasında olması, dövlət tərəfindən bu sahənin inkişafına dəstəyin artması bizə belə bir inam verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB