Şəkinin Daşüz kəndində Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VI çövkən milli oyunu üzrə yarışlar başlanıb. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyilə keçirilən tədbirdə respublikamızın şəhər və rayonlarını təmsil edən 16 komanda mübarizə aparır.
Atçılıq Turizm Mərkəzində çövkən milli oyununun təntənəli açılış mərasimi olub. SİA-nın məlumatına görə, mərasimdə şəhər rəhbərliyinin, nazirliyin məsul nümayəndələri, müxtəlif rayonlardan gəlmiş qonaqlar və azarkeşlər iştirak ediblər.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova tədbiri açaraq bildirib ki, ənənəvi olaraq hər il dekabrda keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği və inkişafı, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi daşıyır: \"Yarışların coğrafiyası ildən-ilə genişlənir, daha kütləvi xarakter alır. İlk dəfə 2006-cı ildə keçirilən yarışlarda 6 komanda iştirak edirdisə, indi onların sayı 16-ya çatıb\".
Musiqi kollektivlərinin çıxışından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək meydana daxil olublar. Sonra tamaşaçılar çövkən oyunu üzrə Şəki və İsmayıllı komandalarının oyununu izləmişlər. Qarşılaşma 9-1 hesabı ilə Şəki komandasının xeyrinə başa çatıb.
Qeyd edək ki, ilkin seçmə turunda aşağıdakı nəticələr qeydə alınıb: İsmayıllı-Tovuz- 1-0, Qəbələ-Bərdə- 2-0, Goranboy-Daşkəsən- 2-0, Yevlax-Göygöl- 3-2, İsmayıllı-Zaqatala- 2-1.
Dekabrın 18-də yaylıq milli oyunu üzrə yarımfinal oyunları da keçirilib. Qalib komandalar çövkən oyunu üzrə çıxışlarını davam etdirəcəklər. Növbəti günlərdə isə sür-papaq və papaq oyunları üzrə yarışlar keçiriləcək.
Prezident Kuboku uğrunda VI çövkən milli oyununa dekabrın 22-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB