3G standartlarının tətbiqindən sonra mobil operatorlar 4G standartında keçid istəyində olduqlarını bildiriblər. Artıq 4G standartlarına keçidlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət də olunub. Nazirlik operatorlar yeni sistemə keçidə hazır olduqdan sonra bu standartlarla xidmət göstərmək üçün lisenziya veriləcəyini bildirib.
Bir-birinin ardınca yeni standartlar tətbiq edilsə də, hələ də bir çox abunəçilər sözügedən standartının hansı xidmətlərə və imkanlara malik olduğunu bilmir.
Hazırda ölkə ərazisində fəaliyyət göstərən hər üç mobil operatorlara 3G texnologiyası tətbiq edildiyindən abunəçilərdə bununla bağlı müəyyən məlumatlar var.
Xatırladaq ki, 3G standartları istifadəçiləri sürətli internetlə təmin edir və nəticədə 3-4 mb-lıq bir informasiyanı 15-20 saniyəyə mobil telefona və ya kompyuterə yükləmək mümkün olur. Eyni zamanda telefonda görüntülü danışıq, mobil telefonda televiziyaya baxmaq imkanları yaradır.
Bəs, görəsən, 4G standartlarının hansı üstünlükləri var?
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığımız məlumatda bildirildi ki, 4G dördüncü nəsil kabelsiz telefon texnologiyasıdır və 3G standartından bir çox xüsusiyyətləri ilə fərqlənir. Belə ki, əgər 3G standartları informasiyanı bir neçə dəqiqə ərzində əldə etməyə imkan verirsə, 4G bunu bir neçə saniyə ərzində həyata keçirir. 4G-də əlaqə sürəti mobil telefonlarda 100 Mb saniyədir. 4G ilə mobil internet əlaqələri 3G-yə nisbətən 5 -10 qat daha sürətlidir. 4G mobil telefon vasitəsi ilə televiziyaya baxmaq imkanı da yaradır. Bu standartların tətbiqi həm də nağd pul olmadan alış-veriş etməyə, kommunal xərcləri ödəyə də imkan yaradacaq.
Mobil operatorlar 4G xidmətinə keçəcəyi təqdirdə evlərdə istənilən elektron əşyaları mobil telefon vasitəsilə idarə etmək də mümkün olacaq. Belə ki, evdə olmadan belə kondisioner, televizor, mikrodalğalı soba, soyuducu, istilik sistemləri və sair əşyaları idarə etmək mümkündür. 4G imkan verir ki, ucqar dağ kəndində xəstə haqqında həkim məsləhəti almaq mümkün olsun və hətta rentgen edərək xəstəyə cavab verilsin. Bununla yanaşı əgər 3G xidməti vasitəsilə iki abonent bir-biri ilə görüntülü danışa bilirsə, 4G xidməti imkan verir ki, 2 və daha artıq şəxs eyni vaxtda görüntülü danışa bilsin.
Bəs bu yenilin tətbiqinə nə vaxt başlanılacaq?
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirildi ki, gələn ilin may ayına qədər Azərbaycanda 4G texnologiyasının tətbiqinə başlanılması nəzərdə tutulur: "Bu texnologiyadan istifadə üçün hər üç operatora bərabər imkanlar yaradılacaq. Radiotezliklər üzrə Dövlət Komissiyası tezlikləri hazırlayır. Əgər şirkətlər də 4G standartlarına keçid üçün intensiv hazırlıq görsələr qarşıdakı 3-4 aya mobil telefonlardan 4 G texnologiyasından istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, 3 və 4G şəbəkəsinin inkişafı ilə internet xidmətlərinin tariflərinin azalması da proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə