Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Gənc Alimlər Şurası (GAŞ) fəaliyyətinin son 6 ilinə dair hesabat verib. SİA-nın xəbərinə görə, şuranın sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayev çıxış edərək, 2005-ci ildə yaradılmış qurumun gördüyü işlərdən bəhs edib. O, GAŞ-ın ölkədə keçirmiş olduğu beynəlxalq tədbirlər, həmçinin institutun gənc alimlərinin xaricdəki tədbirlərdə iştirakından da danışıb.
Geologiya İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti akademik Akif Əlizadə qeyd edib ki, institutda çalışan gənclər gələcəyin önəmli kadrları kimi böyük məsuliyyət daşıyırlar. Son illər ölkədə aparılan elmi islahatların əsas hədəfi də məhz elmdə yeni kadrların yetişdirilməsi ilə bağlıdır. Akademik institutda elmi fəaliyyətlə məşğul olan gənclərin problemləri ilə maraqlanıb və bildirib ki, rəhbərlik dissertasiya işlərinin müdafiəsində gənc alimlərə bütün lazımi köməkliləri göstərəcək.
A.Əlizadə bakalavr təhsili ilə kifayətlənmiş gənclərə isə magistratura təhsili almaq məcburiyyətində olduqlarını izah edib. O, gənclərə magistratura təhsili almadan elmi işçi kimi fəaliyyət göstərməyin mümkünsüzlüyünü xatırladıb. Sonra digər alimlər çıxış edib, institutdakı gənc əməkdaşların, o cümlədən GAŞ-ın gələcək fəaliyyəti ilə bağlı təkliflər dinlənilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB