Ağcabədidə 500-dən artıq məcburi köçkünün keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni yarımstansiya quraşdırılıb

Ağcabədidə 500-dən artıq məcburi köçkünün keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni yarımstansiya quraşdırılıb

"İmişli Regional Elektrik Şəbəkəsi"nin xidməti ərazisində yerləşən bütün yarımstansiyalarda, transformator məntəqələrində, o cümlədən, komplekt transformator məntəqələrində və elektrikötürücü xətlərdə son üç ya ərzində bir sıra yenidənqurma və təmir-bərpa işləri aparılıb. 330 kV-lik "İmişli" yarımstansiyasında da bir sıra əsaslı təmir və texniki təftiş işləri, 1 saylı 240 meqavoltamperlik (MVA) avtotransformatorun quraşdırılması işləri uğurla yerinə yetirilir. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu işlər yaxın zamanlarda başa çatdırılacaq.

Paralel olaraq "Saatlı Elektrik Şəbəkəsi"nin 110 kV-lik "Sarıcalar" yarımstansiyasında 25 MVA-lıq transformator quraşdırılmış və onun yağ açarları təmir edilib. Qeyd edək ki, transformator hazırda səmərəli işlək rejimində fəaliyyət göstərir.

Müəssisədən "Ağcabədi" yarımstansiyasının I bölməsinin 110 və 35 kilovoltluq hissəsində genişləndirmə və yenidənqurma işlərinin həyata keçirilməsi vurğulanır. Yarımstansiyada transformatorların fiziki köhnəlmiş giriş yağ açarları müasir tipli yağ açarları ilə əvəz edilmişdir. Ağcabədi rayonun ərazisində 500-dən artıq məcburi köçkünlərin daha da keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məsələsi daim diqqət mərkəzində olmuş, burada 2 dövrəli "Taxta körpü" hava elektrik verilişi xətti çəkilmiş və tərkibində 2 ədəd 10 MVA gücündə transformator olmaqla 110/10 kV-lik "Taxta körpü" yarımstansiyası quraşdırılıb.

Qeyd edək ki, yarımstansiyada ölçü-sınaq işləri də artıq yerinə yetirilmiş və yaxın günlərdə istismara veriləcəkdir.

Mənbənin bildirdiyinə görə, REŞ-in xidməti ərazilərinə aid olan digər "Qış yatağı", "Zərdab", "Seyidlər" və "Qaradolaq" enerji obyektləri də müxtəlif təyinatlı yenidənqurma işlərindən sonra normal iş rejiminə gətirilib.

Hazırda 110/35/10 kV-lik "Saatlı Dartı" yarımstansiyasında 20 MVA gücündə transformator əsaslı təmir edilir və yaxın günlərdə yekunlaşacaqdır.

Müəssisənin xidməti ərazisində yerləşən 320-yə yaxın müxtəlif güclü 10/0,4 kV-lik transformatorlar əsaslı, 430-dan artıq transformator isə cari təmir edilərək abonentlərin istifadəsinə verilib.

Qeyd edək ki, sistemtəşkiledici 330 kV-lik III "Şirvan" hava elektrik verilişi xəttinin dayanıqlığının artırılması məqsədilə aralıq dayaqlarda hər üç fazada qüsurlu izolyatorlar yeni şüşə izolyatorlarla əvəz edilmiş, müxtəlif sayda dayaqlarda isə rəqssöndürücülər bərpa edilib. 110 kilovoltluq I və II "Kürdəmir" hava elektrik verilişi xətlərində də müxtəlif təyinatlı bərpa işləri aparılıb.

Mənbənin verdiyi məlumata əsasən, sadalanan tədbirlərin yerinə yetirilməsi enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Elə bunun üçün də yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biridir. Bunu müəssisədən bildirdilər və qeyd etdilər ki, hazırda sözügedən REŞ-in xidməti ərazilərində yenidənqurma və təmir işləri davam etdirilir, belə ki, 110 kV-lik "Kürdəmir" və "Sabirabad" yarımstansiyalarında müvafiq tədbirlərlə əlaqədar olaraq köhnəlmiş yağ açarları yeni eleqaz tipli yağ açarları ilə əvəz edilməsi, kabel kanallarının yenidən qurulması və mühafizə idarəetmə kabellərinin dəyişdirilməsi işləri planlaşdırılır. Qeyd edək ki, "Kürdəmir" yarımstansiyasında bu işlərin icrasına artıq start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə