Kəmaləddin Heydərov: “Bu il Azərbaycanda 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib”

Kəmaləddin Heydərov: “Bu il Azərbaycanda 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib”

Bu il Azərbaycanda 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib. SİA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 6-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı nazir Kəmaləddin Heydərov deyib. O, qeyd edib ki, bu il 3300-dək obyektə nəzarət edilib və onlardan 1200-də qüsurların aradan qaldırılması üçün tapşırıqlar verilib, 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib.

Onun sözlərinə görə, tikintidə mövcud qanunvericiliyin tələblərinin təmin edilməsi, tikinti obyektlərində təhlükəsizlik norma və qaydalarına əməl olunması, ölkə ərazisində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Nəticədə obyektlərin əksəriyyətində qüsurların aradan qaldırılmasına nail olunub.

2010-cu ilin aprel-may aylarında Azərbaycanda Kür və Araz çaylarının daşması nəticəsində zərər çəkmiş rayonlarda ümumilikdə yaşayış sahəsi 286 min 274 kvadrat metr olan 2974 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verildiyini deyən nazir vurğulayıb ki, hazırda 138 evin tikintisi davam etdirilir. Nəzərdə tutulan sosial obyektlər, o cümlədən 1130 şagird yerlik 6 məktəb binası, 150 yerlik 3 uşaq bağçası, 6 tibb məntəqəsi, 1 kitabxana, 274 yerlik 2 klub, 500 kvadratmetrlik su hovuzu, 250 kubmetrlik su anbarı və s. obyektlər tikilib istifadəyə verilib.

Ümumilikdə, Kür və Araz çaylarında baş vermiş daşqınlarla əlaqədar ziyan çəkmiş 26 min 709 ailəyə 19 milyon 9 min manat yardım ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə