Vüqar Səfərli: “Jurnalistlərin məzuniyyətə, pensiyaya çıxa bilməsi üçün problemlər aradan qaldırılmalıdır”

Vüqar Səfərli: “Jurnalistlərin məzuniyyətə, pensiyaya çıxa bilməsi üçün problemlər aradan qaldırılmalıdır”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı" adlı beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfrans "Etik Jurnalistika Təşəbbüsləri Azərbaycan" layihəsi çərçivəsində keçirilir. Konfransda çıxış edən Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, mətbuatın inkişafı dövlətin diqqəti mərkəzindədir. Son illər Azərbaycan mətbuatının yubileyləri dövlət səviyyəsində geniş miqyasda qeyd olunur. Aparıcı kütləvi informasiya vasitələrinə mütəmadi olaraq yüksək məbləğdə dövlət yardımı ayrılır. Ötən il mətbuatın 135 illiyi münasibətilə Azərbaycan prezidentinin sərəncamı ilə 92 mətbuat nümayəndəsinə dövlət mükafatı və fəxri adlar verilib. Bundan başqa, ölkə başçısının sərəncamı ilə evsiz mətbuat nümayəndələrinin ev ilə təmin olunması məqsədilə 5 milyon manat vəsait ayrılıb. Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb ki, bu da mətbuatın inkişafında birbaşa dövlətin maraqlı olmasını göstərir. Azərbaycan dövləti bundan sonra da jurnalistikanın inkişafına dəstəyi əsirgəməyəcək".


Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Azərbaycan Jurnalist Həmkarlar İttifaqının fəaliyyətindən danışaraq bildirdi ki, bu gün KİV-nin Həmkarlar İttifaqları ilə bağlı ciddi problemləri var: "Hazırda cəmi 38 mətbuatda həmkarlar ittifaqları sahəsində problemlər müəyyən qədər çözülüb. Ancaq bu bütü mətbuatı əhatə etmir. Azərbaycan mətbuatının həmkarlar ittifaqlarına üzv olması vacibdir və bu istiqamətdə iş görməyin vaxtı çatıb. 2012-ci ildən başlayaraq bu istiqamətdə layihələr həyata keçiriləcək".



Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də bildirdi ki, jurnalistlərin əmək hüquqlarının qorunması üçün ilk növbədə həmkarların üzvü olmalıyıq ki, onların təklif elədiyi imtiyazlardan yararlana bilək: "Biz istəyirik ki, jurnalistlərin də istirahət mərkəzləri olsun və güzəştli şərtlərlə orada dincələ bilsinlər. Bu gün qəzet redaksiyalarında mühasibat işinin təşkili çox bərbad vəziyyətdədir. Bu gün jurnalistlər 400-500 manatdan aşağı əmək haqqı almırlar. Ancaq əmək müqavilələrində 100 manat əmək haqqı göstərilir. Bunun nəticəsidir ki, jurnalistlər məzuniyyətə çıxanda məzuniyyət pulu ala bilmir və gələcəkdə pensiyaya çıxanda da problemlər ortaya çıxacaq. Ona görə də, bu problemləri aradan qaldırmaq lazımdır".


Bütün xəbərlər Facebook səhifəmizdə