Elçin Quliyev: “2011-ci il ərzində tutulan sərhəd pozucularının sayı 2010-cu illlə müqayisədə 2,2 dəfə artıb” - MÜNASİBƏT
"2011-ci ildə dövlət sərhədini pozduqlarına görə 850 nəfər, sərhəd rejimini pozduqlarına görə 9 min 641 nəfər saxlanılıb". SİA-nın xəbərinə görə bunu Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında 2011-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş xidməti-hesabat müşavirəsində DSX rəisi general-leytenant Elçin Quliyev deyib.
O bildirib ki, il ərzində tutulan sərhəd pozucularının 29,2%-i Azərbaycandan müqabil ölkələrə keçərkən, 70,8%-i müqabil ölkələrdən Azərbaycana gələrkən saxlanılıb: "Sərhəd pozucularının 30,5% Azərbaycan-Rusiya, 11,6% Azərbaycan-İran, 6,1% Azərbaycan-Gürcüstan; 0,2% Azərbaycan-Türkiyə, 1,8% dəniz sərhədlərində və 49,8% hava limanlarında saxlanılıblar.
2011-ci il ərzində tutulan sərhəd pozucularının sayı 2010-cu illlə müqayisədə 2,2 dəfə artıb. İl ərzində 671 nəfər saxta, 19 nəfər özgəsinin sənədi ilə və 17 nəfər gizli şəkildə sərhəd nəzarət məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb. 2010-cu ilə nisbətən saxta sənədlərlə saxlanılmış şəxslərin sayı 3,7 dəfə artıb".
Elçin Quliyev hesabat dövründə axtarışda olan 1307 nəfər tutulduğunu, 434 nəfərin ölkədən çıxışı qadağan olunduğu üçün Azərbaycan Respublikasından çıxmasına icazə verilmədiyini deyib: "251 nəfər ölkəyə girişi qadağan olunduğu üçün Azərbaycan Respublikasına buraxılmayıb, 57 nəfərin pasportu etibarsız olduğu üçün alınıb.
2011-ci il ərzində 715 halda təqribi məbləği 2 milyon 547,8 min manat dəyərində qaçaqmal tutulub, 137 kq 226,8 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Hesabat dövründə ümumi çəkisi 24,8 ton olan 58 min 976 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.
İl ərzində dövlət sərhədinin quru hissəsində dövlət sərhədini pozmağa cəhd edərkən tutulan Azərbaycan Respublikası vətəndaşlarının mühüm hissəsini - 23,9%-ni sərhədyanı rayonların sakinləri təşkil edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB