DSX rəisi: “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib”

DSX rəisi: “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib”

"Dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq məqsədilə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən 1 əcnəbi şəxs müəyyən olunub". SİA-nın xəbərinə görə bunu Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında 2011-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş xidməti-hesabat müşavirəsində DSX rəisi general-leytenant Elçin Quliyev deyib.

DSX rəisi bildirib ki, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında silahlı qruplaşmaların tərkibində döyüşmüş 15 nəfər şəxs müəyyənləşdirilib: "Qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. DSX Akademiyasının tərkibində dəniz və aviasiya kafedraları fəaliyyətə başlayıb, ilk dəfə olaraq həmin ixtisaslar üzrə qəbul keçirilib".

General-leytenant Elçin Quliyev həmçinin, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən oğlanlar üçün Açıq tipli xüsusi məktəbin Heydər Əliyev Fondu tərəfindən tam təmir edilərək zəruri tədris bazası ilə komplektləşdirildikdən sonra ona Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi statusunun verildiyini də diqqətə çatdırıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev onu da əlavə edib ki, DSX Sahil Mühafizəsinin cənub, mərkəz və şimal şöbələri fəaliyyətə başlayıb: "Xəzər dənizinin sahil xətti boyu sahil nəzarəti məntəqələri DSX Sahil Mühafizəsinin tabeliyinə verilib və tam peşəkar heyətlə komplektləşdirilib. DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli üzmə vasitələri verilib, Xəzər dənizində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmət təşkil edilib və sərhəd sularında Azərbaycan mənafelərinin qorunması, müşahidə və aşkaretmə imkanları əhəmiyyətli dərəcədə artırılıb.

Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsi yaradılıb, yeni istismara verilmiş Lənkəran və Qəbələ beynəlxalq hava limanlarında sərhəd nəzarəti təşkil edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə