Elçin Quliyev: “Hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1288 mənzil inşa edilib”
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında 2011-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş xidməti-hesabat müşavirəsi keçirilib.
SİA-nın xəbərinə görə, müşavirədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev çıxış edərək bildirib ki, dahi öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədlərinin toxunulmazlığı məsələlərinə xüsusi diqqəti sayəsində hesabat dövründə mühüm xidməti nailiyyətlər əldə edilib: "Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevral ayının 9-da Azərbaycan-Gürcüstan dövlət sərhədində "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsinin, aprel ayının 15-də Azərbaycan-İran dövlət sərhədində "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin, may ayının 19-da Bakı şəhərinin Nərimanov rayonu ərazisində sərhədçilər üçün inşa olunmuş 264 mənzilli yaşayış binasının açılış mərasimlərində iştirak edib".
DSX rəisi ölkə prezidentinin avqust ayının 16-da DSX-nin hərbi qulluqçularını orden və medallarla təltifləndirməsini, ali zabit hərbi rütbələrinə layiq bilməsini, Dövlət Sərhəd Xidmətinin ştat strukturunun təkmilləşdirilməsi, peşəkar heyətin say tərkibinin artırılması barədə qərar verməsini sərhədçilər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını xüsusi vurğulayıb.
Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyəti üçün əhəmiyyətli olduğunu deyən general-leytenant Elçin Quliyev diqqətə çatdırıb ki, "2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair" Dövlət Proqramının icrası üzrə tədbirlər müvəffəqiyyətlə yekunlaşdırılıb: "Dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məsələlərinə ümumi büdcə ayırmalarının 2010-cu illə müqayisədə 121%, o cümlədən təkcə tikinti üzrə 184% artırılması nəticəsində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində önəmli nailiyyətlər əldə olunub. 359 binadan ibarət 49 tikinti kompleksinin əsaslı təmir-tikintisi həyata keçirilib, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1288 mənzil inşa edilib".
Xidməti hesabat müşavirəsinin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev tərəfindən hərbi hissələrin və struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilib, 2012-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqlar qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB