Ombudsman Avropa İşgəncələrin qarşısının alınması üzrə Komitəsinin üzvləri ilə görüşüb

Ombudsman Avropa İşgəncələrin qarşısının alınması üzrə Komitəsinin üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkədə səfərdə olan Avropa İşgəncələrin qarşısının alınması üzrə Komitəsinin (CPT) üzvləri - nümayəndə heyətinin rəhbəri Haritini Diplanı, İsveçrənin Milli Preventiv Mexanizminin rəhbəri Jan-Pyer Restellinini və CPT Katibliyinin əməkdaşı Julyen Attuil-Kayser ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşə qeyd edilib ki, Azərbaycan Ombudsmanı AŞ İnsan Hüquqları və Hüquqi Məsələlər Baş direktorluğu və APT tərəfindən təşkil olunan Avropa MPM-lər Şəbəkəsinin üzvüdür və bir çox beynəlxalq tədbirlərdə iştirak edib. Eyni zamanda, MPM qrupunun üzvü həmin şəbəkə üzrə əlaqələndirici şəxs qismində təyin olunub.

Avropa Birliyinin Tvinninq və Şərq Tərəfdaşlığı layihələri çərçivəsində Almaniya İnsan Hüquqları İnstitutu və Polşa Ombudsman təsisatı ilə bu sahədə təcrübə mübadiləsi aparıldığı diqqətə çatdırılıb, beynəlxalq ekspertlərin Azərbaycan Ombudsmanının MPM qismində fəaliyyətinin yüksək qiymətləndirildiyi qeyd olunub. Qonaqlar bu görüşün faydalı fikir və təcrübə mübadiləsi olduğunu vurğulayıblar.

CPT-nin üzvləri həmçinin təmsil etdikləri qurumun fəaliyyəti, iş prinsipləri və monitorinqləri barədə ətraflı məlumat veriblər. Ombudsman məruzələrini, təsisatda hazırlanmış çoxsaylı hüquqi nəşrləri, plakatları qonaqlara təqdim edib. Görüş səmərəli müzakirələr və fikir mübadiləsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə