Ombudsman Böyük Britaniyanın ölkədəki səfiri ilə görüşüb

Ombudsman Böyük Britaniyanın ölkədəki səfiri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Böyük Britaniyanın ölkəmizdəki səfiri Peter Beytmen ilə görüşüb. SİA-nın xəbərinə görə, tanışlıq məqsədi daşıyan görüşdə bu qurumla Ombudsman təsisatının insan hüquqları sahəsində gələcək birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

E.Süleymanova qonağa Ombudsman təsisatının yaradılması, fəaliyyəti haqqında məlumat verib, dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə əməkdaşlığa önəm verdiyini bildirib. Qonağa habelə Müvəkkilin regional mərkəzlərinin, əhalinin müxtəlif kateqoriyalarının hüquqları üzrə ixtisaslaşmış müşavirlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Ombudsman Avropa Şurasının və Avropa Birliyinin həyata keçirdiyi layihələrdə, o cümlədən Tvinninq və Şərq tərəfdaşlığı layihələrində təsisatın fəal iştirak etdiyini, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyini söyləyib.

Bu yaxınlarda Ombudsman əfv xahişi ilə ölkə Prezidentinə müraciət edib. Qeyd edilib ki, Ombudsmanın müraciətləri, qaldırdığı vəsatətlər nəzərə alınaraq, bu günədək ümumilikdə 339 məhkum, o cümlədən yetkinlik yaşına çatmayan, qadın, xəstə, ahıl məhkumlar, həmçinin jurnalistlər azadlığa buraxılıb. Səfirin həmçinin məhkumların, qaçqın və məcburi köçkünlərin, uşaqların hüquqlarının müdafiəsi ilə bağlı sualları da ətraflı cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə