Əbədiyyətə qovuşan \"Sona bülbüllər\" - FOTOSESSİYA

Əbədiyyətə qovuşan \"Sona bülbüllər\" - FOTOSESSİYA
Deyilənə görə, hər kəsin bu dünyada bir missiyası var. Tanrı hərəni bir məqsəd, bir amal üçün göndərir həyata. Kimi yaxşı siyasətçi, kimi yaxşı aktyor, kimisi də yaxşı ifaçı. Fərqli qabiliyyətlərlə doğulur insan. Azərbaycan musiqisinin təkarolunmaz səsi olan Qədir Rüstəmov da Tanrı tərəfindən seçilmişlərdən idi. Amma, təəssüf ki, bu dünyadakı missiyasını o ömrünün 77-ci ilində başa vurdu.

Hər kəs onun şad xəbərini gözlədiyi halda o əhdinə xilaf çıxaraq dünyasını dəyişdi. Uzun zamandır Türkiyə xəstəxanalarının birində həyatla ölüm arasında mübarizə aparan xalq artisti ölümə yenik düşdü. Və bu yenikliyi ilə də həm doğmalarını, həm sənət yoldaşlarını, həm də öz xalqını hüznə boğdu. Qədir Rüstəmov bu gün son mənzilə yola salındı. Xalq artisti ilə vidaya sənət yoldaşları, ziyalılar, rəsmi şəxslər, bir sözlə bütün Qədirsevərlər toplaşdı bu gün. Onu itirməyin acısına ən çox sarsılan isə ailə üzvləri idi. Danışmaq onlar üçün nə qədər çətin olsa da Qədir Rüstəmov barəsində fikirlərini bildirməyə çalışdılar.

Həyat yoldaşı Fatma Rüstəmova sənətkarın ürəyində qalan nisgilindən danışdı. "Qədir hər arzusuna çatmışdı. O heç nədən narazı getmədi bu həyatdan. Cənab prezidentin ona göstərdiyi diqqətdən razi idi Qədir. Sadəcə ürəyində bir nisgil var idi. Qarabağ həsrəti. Həmişə deyirdi ki, mən Qarabağa qayıtmamış ölmərəm. Amma neynəmək olar, həyatdı.."

Xalq artisti, prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Qədir Rüstəmov ölümü ilə tək ailə üzvlərini yox, sənət yoldaşlarını da sarsıtdı. Qədir Rüstəmovla vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar İttifaqının sədri Anar, baş nazirin müavini Elçin Əfəndiyev, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi və bir sıra ziyalılar da iştirak edirdi.

Mərasim zamanı çıxış edən nazir Əbülfəs Qarayev xalq artistinin ailəsinə prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın başsağlığını çatdırdı: "Biz hamımız Qədir Rüstəmovun ölümünə çox üzüldük. Həqiqətən Azərbaycan mədəniyyəti üçün ağır itkidir bu. Amma nə yaxşı ki, bizim mədəniyyətimizdə Qədir Rüstəmov ifası olacaq həmişə. Qədir Rüstəmov sevilən sənətkarlardan idi. Qədir Rüstəmov seçilən sənətkarlardan idi. Qəbri nurla dolsun."

Sənətkarı itirməyin acısı ilə bir araya toplaşanlar Qədir Rüstəmov xatirəyə çevrilən düşüncələrini bölüşdü. Dostu xalq artisti Arif Babayev onun ölümünə inanmayanlardandır. "Qədirin öldüyünə hələ də inanmıram mən. Qədir bizi yaman üzdü. O Azərbaycan musiqisinin döyünən ürəyi idi. Yeri həmişə görsənəcək". Aktyor xalq artisti Ramiz Novruzov sənətkarın ölümünə təəssüfləndiyini deyir:"Doğrudan da böyük itkidir. Qədir Rüstəmovun daha Azərbaycan musiqisində olmayacağını düşünmək göynədir adamı. Allah ailəsinə səbir versin".

Millət vəkili Zahid Oruc Qədir Rüstəmov məktəbinin dayanmasına üzüldüyünü bildirdi: "Mən çox təəssüf edirəm ki, belə bir insanı itirmişik. Həqiqətən ağır itkidir. Bu ağırlığın ən böyük tərəfi daha Qədir Rüstəmov məktəbinin olmayacağıdır. Allahdan ailəsinə və Qədirsevərlərə səbir diləyirəm".

Xanəndəlik məktəbimizin təkrarolunmaz nümayəndəsi Qədir Rüstəmov Azərbaycan xalq musiqisinin incəliklərini bilən sənətkar olaraq milli musiqi xəzinəmizi öz ifaları ilə zənginləşdirib. 1935-ci ildə Ağdam rayonunda anadan olan xanəndə Azərbaycan musiqində öz məlahətli səsi ilə xüsusi seçilirdi. Özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları radionun qızıl fondunda saxlanılır. Onun ifasında ən çox sevilən mahnı isə "Sona bülbüllər" idi. Sənətkarın son dərəcə məharətlə oxuduğu "Apardı sellər Saranı", "Laçın", "Ay dili-dili", "Sarı gəlin" və neçə-neçə digər mahnılar hər kəsin qəlbində özünəməxsus yer tutub. Qədri Rüstəmov xoşbəxt idi. Qədir Rüstəmov seçilmişlərdən olduğuna görə xoşbəx idi. Lakin bu xoşbəxtliklər içində onun ürəyində bir nisgili qaldı. Qarabağ həsrəti. Qarabağa qayıdıb, heç olmaya bir avaz muğam oxumaq istəyi ürəyində qaldı Qədir Rüstəmovun. Səni bu gün son mənzilə yola saldıq. İnşallah yaxın zamanda ruhunu şadlığa qovuşdurar Qarabağ. Qəbrin nurla dolsun, sənətkar.


Allah rəhmət eləsin!


Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə