Həsən Əliyev küçəsi boyunca yeni kanalizasiya kollektoru çəkilir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekologiyasının yaxşı qorunması istiqamətində kompleks tədbirləri çərçivəsində həyata keçirilən layihəyə əsasən diametri 1400 mm olan GRP (şüşəlifli) borularla 5872 metr uzunluğunda yeni kollektor çəkilir və 498 metr uzunluğunda tunel qazılır.
İnşasına 2011-ci ilin ikinci yarısında başlanmış layihənin icrası nəticəsində Nəsimi, Binəqədi və Yasamal rayonları ərazisindən axan çirkab suları toplanaraq özü axımlı rejimdə birbaşa F.X.Xoyski küçəsindəki Xarici Dairəvi kollektora, buradan isə təmizlənmək üçün Hovsan Aerasiya Stansiyasına ötürüləcək. Bununla da yağıntılı dövrlərdə bu istiqamətdən çirkab suların Xəzər dənizinə axıdılmasının qarşısı tam alınacaq.
Layihəyə uyğun olaraq yeni kollektorun inşası 2012-ci ilin birinci yarısında yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB