\"Evrovision\" müsabiqəsinə qədər küçə uşaqları üçün reabilitasiya və ya icma mərkəzləri yaradılmalıdır

\"Evrovision\" müsabiqəsinə qədər küçə uşaqları üçün reabilitasiya və ya icma mərkəzləri yaradılmalıdır

2012-ci ildə Azəbaycanda keçiriləcək \"Evrovision\" müsabiqəsi ilə bağlı küçədə yaşayan və əmək fəaliyyəti ilə məşğul olan uşaqlar üçün reabilitasiya və yaxud icma mərkəzləri yaradılmalıdır. SİA-nın xəbərinə görə, bunu Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev deyib.

Nazir Quliyevin sözlərinə görə, onları hansısa yollarla küçədən yığışdırmaq mümkün deyil. Onlar üçün xüsusi mərkəz və ya sığınacaq tikildikdən sonra problemi həll etmək olar: "Bəzən kimlərsə tərəfindən həmin uşaqlar yığılaraq rayonlara aparılır. Amma həmin şəxslərin özləri Bakıya çatmamış uşaqlar onlardan daha tez paytaxta gəlirlər. Bunun üçün problemə qarşı birgə mübarizə aparılmalıdır".

Bundan əlavə, bu gün ölkədə 59 min əlil uşağın olduğunu deyən N.Quliyev onların yalnız 2 mininin təhsilə cəlb olunduğunu deyib. Onun sözlərinə görə, 57 min uşaq isə hələ də təhsildən kənarda qalır: "Onlar da cəmiyyətin bir üzvü kimi qəbul edilməli və insanların münasibəti dəyişilməlidir. Əlil uşaqlar cəmiyyətin bir üzvü kimi qəbul olunana və onlar inkluziv təhsilə cəlb edilməyənə qədər bu kimi məsələlər cəmiyyətdə müəyəyn problemlər yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə