Yeni il bayramı bu il də məhərrəmlik ayına təsadüf edəcək. Artıq məhərrəmliyin başlanması ilə əlaqədar müsəlmanlar toy, şadlıq məclisləri keçirmirlər.
Son bir neçə ildə Məhərrəm ayının dekabra təsadüf etməsi səbəbindən əksər müsəlmanlar bayramı da təmtəraqsız keçirir. Hətta bəzi ailələr bir neçə ildir ki, evlərində şam ağacı bəzəmir, yeni il gecəsini təmtəraqsız qeyd edir, süfrəyə içki qoymurlar.
Qeyd edək ki, məhərrəm ayının gəlişi ilə artıq əksər restoranlar öz fəaliyyətini dondurub. Restoranların əksəriyyəti məhərrəmlik çıxana kimi işləməyəcəklərini bəyan ediblər.
Bayram gecəsi restoranlar "od tutub" yanacaq
Bəs, görəsən, məhərrəm ayına təsadüf edən yeni il necə qeyd edilməlidir? Bayram tədbirlərinə hazırlıqla maraqlandıq?
Məlum oldu ki, yeni il bayramını təmtəraqla keçirməyə hazırlaşan restoranlar az deyil. "Sərin", "Gilavar", "Neolit", "Oazis", "Su Sonası", "Meridian" və s. restoranlar hər il olduğu kimi bu il də təmtəraqlı yeni il gecəsi vəd edirlər.
Qiymətlər isə hər il olduğu kimi kifayət qədər baha olacaq. \"Sərin\" restoranından bildirildi ki, yeni il gecəsi 1 nəfər üçün yerin qiyməti 100-150 manatdır. Qiymətlər \"Neolit\", "Gilavar" və digər restoranlarında da bir nəfər üçün 100-200 manat arasında dəyişir. Yeni il şənliyi təşkil edilən bəzi restoranlarda isə ayın 31-i saat 12-dən sonra qiymətlər daha da bahalaşacaq. Bunun səbəbini sorğu gecikdiyimiz restoranlar yeni il qədəm qoyandan sonra ulduz müğənnilərin çıxışı və maraqlı bayram proqramının təqdim olunacağı ilə izah etdilər.
"Baku Expo Center" isə yeni il gecəsi daha çox diqqət mərkəzində olacaq. Burada Türkiyənin meqa - starı Tarkanın konsert proqramı ilə çıxış etməsi səbəbindən biletlərin qiyməti 100-500 manat arasındadır.
Onu da deyək ki, bayramda günlərində tamamilə işləməyən restoranların da sayı çoxdur. "Venesiya", "Anar", "Təbrik" və s. restoranlarda məhərrəmlik ayı ilə əlaqədar heç bir tədbirin keçirilməsi nəzərdə tutulmur.
Paytaxt sakinləri yeni il gecəsi içki içməyəcək
Fikrini öyrəndiyimiz paytaxt sakinlərinin də məsələyə münasibəti fərqlidir...
Əhali arasında keçirdiyimiz sorğu zamanı əksəriyyət məhərrəm ayının unudulmadığını və bayram gecəsinin o qədər də təmtəraqla qeyd edilməyəcəyini dedilər.
65 yaşlı təqaüdçü Fəxriyyə Məmmədova son bir necə ildə Yeni il bayramı məhərrəmliyə təsadüf etdiyindən bayram süfrəsinə içki qoymadıqlarını dedi: "Ailə üzvlərimizin hamısı namaz qılır. Ona gərə də, yeni il gecə süfrə açsaqda bayramı təmtəraqsız qeyd edirik".
Oxşar fikirləri əksər paytaxt sakinləri də səsləndirdi. Hətta bayramın yaxınlaşmasına baxmayaraq evində şam ağacı qurmayacağını və ümumiyyətlə bayram qeyd etməyəcəyini deyənlər də var idi.
Ancaq fikrini öyrəndiyimiz sakinlərlə arasında yeni ili ən yüksək səviyyədə qeyd etməyə hazırlaşanların da az olmadığına təsadüf etdik.
Bayram uşaqlara baha başa gələ bilər
Yeni il ərəfəsində azyaşlılar üçün də teatr və əyləncə mərkəzlərində maraqlı bayram tədbirləri hazırlanır.
Uşaqlar üçün ən təmtəraqlı tədbir Heydər Əliyev Sarayında təşkil olunacaq. 29-30 dekabrda təşkil olunan "Yeni il" şənliyində respublikanın tanınmış rəqs kollektivləri və estrada ulduzları iştirak edəcəklər.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, artıq Sarayın səhnəsində böyük şam ağacı quraşdırılacaq. Tədbirdə uşaqları maraqlı bayram tədbiri və sürprizlər gözləyir. Biletlərin qiyməti isə 5 - 10 manat arasındadır.
Əl Oyunları Sarayında keçiriləcək tədbirdə də uşaqlara Şaxta baba və Qar qızın iştirakı ilə əyləncəli və maraqlı proqram vəd olunur. Ayın 30,31 dekabr və 1 yanvarda keçiriləcək bayram tədbirinin qiyməti 6 manatdır.
Park Inn otelin \"Dan Ulduzu\" zalında isə \"Veniamin show\" adlı bayramı tədbiri təşkil olunacaq. 24 - 27 dekabrda baş tutacaq əyləncəli bayram şənliyində iştirakın qiyməti 35 manatdır.
3,4 və 5 yanvarda Buta Palace-da 2012-ci ildə balacaları yeni il əyləncəsi və sürprizlər gözləyir. Bir uşağın bu tədbirdə iştirakı 25 manatdır.
Grand Hotel Europe - da isə ayın 31 dekabr 21:00-da
\"Bu şəhərdə\" yumoristik layihəsinin aktyorları Rafael və Coşqunun aparıcılığı ilə təşkil etdiyi gecənin biletlərinin qiyməti 199 - 299 manat arasında dəyişir.
Qafqaz Müsəlmanları İdarəsindən də məsələyə münasibət öyrəndik. Qurumun mətbuat xidmətindən bildirildi ki, bayramı necə qeyd etmək insanın inam və əqidəsindən asılıdır: "Dində heç kimə məhdudiyyət qoyulmur və bayramı necə qeyd etmək hər kəsin özündən asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB