Uşaq əməyinin istismar olunmasında valideyinlərin üzərinə böyük iş düşür

Uşaq əməyinin istismar olunmasında valideyinlərin üzərinə böyük iş düşür

\"Azərbaycan dövləti bu sahədə böyük işlər görür. Təbii ki, burada valideyinlərin üzərinə böyük iş düşür. Onlar uşaqların maarifləndirilməsinə, təhsilinə daha çox fikir verməlidirlər\". Bunu Səs TV-yə açıqlamasında Uşaq əməyinin istismar olunmasına münasibət bildirən Siyasi ekspert, hüquqşünas Vüsal Quliyev bildirib: "Beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan qanunvericiliyində, konstitusiyada göstərilib ki, Azərbaycan əgər hər hansı bir beynəlxaq müqaviləyə qoşulursa, onun maddələrini birbaşa Azərbaycan da istifadə edə bilər. İkinci, qanunun konstitusiyada göstərilməsidir. Təbii ki, qanunvericilikdə bir sıra əlavə və dəyişikliklər olmalıdır".

Vüsal Quliyevin sözlərinə görə, uşaq əməyinin istismarı ilk növbədə "Uşaq Hüquqları Konvensiya"sı tərəfindən tənzimlənir: "20 noyabr 1999-cu ildə qəbul edilmiş bu konvensiyaya Azərbaycan respublikası da qoşulub. 54 maddədən ibarət olan "Uşaq hüquqları" əsasən 4 istiqamətdə müəyyənləşdirilib. Azərbaycanda isə bu konstitusiya ilə tənzimlənir. Burda qeyd olunur ki, ümumiyyətlə uşaqlar dövlət himayəsi altındadırlar və 15 yaşına çatmayan uşaqların hər hansı bir işdə işləməsi qadağan edilir. Uşağın həyatına, mənəviyyatına ziyan verən işlərdə də onun işləməsi qadağan olunur".

Ekspert konstitusiyanın 42-ci maddəsində öz əksini tapan uşaqların təhsil almaq hüququndan da danışıb: "Uşaqların ilk növbədə təhsil almaq hüququ var. Bu da dövlət tərəfindən təmin olunur"- deyə Vüsal Quliyev bildirib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə uşaqların istisamar olunmasına münasibət bildirirərkən deyib ki; Bizim əsasən işimiz əhali, uşaq və yeniyetmələr arasında məlumatlandırma və maarifləndirmə işinin aparılmasıdır. Bununla belə ehtimal olunan qurbanların aşkarlanması, risk qrupun daxil olan uşaqların maarifləndirilməsi sahəsində işlərin davam etdirilməsidir".

Azərbaycanda rəsmi olaraq uşaq əməyinin istismarı ilə bağlı faktın qeydə alınmadığını deyən Kəmalə Ağazadə təşkilatın nəzdində müvəqqəti sığınacaq reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyini bildirib : "Biz işimizi daha çox potensial insan alveri qurbanları arasında qururuq. Heç kimə haqq verilməyib ki, uşağı təhsildən kənara yayındırsın, küçələrə salsın. Biz sadəcə öz hümanistliyimizi göstərək bu uşaqlara yer veririk. Daha sonra onların ailələrini, valideyinlərini axtarıb tapırıq. Valideyin məsuliyyətsizliyindən uşaq küçəyə düşür. Çünki heç bir uşaq öz isti ocağından evindən-eşiyindən küçəyə getmir. Amma ən azından uşaq bir dəfə, iki dəfə küçəyə qaçırsa, o hər zaman bunu edəcək. O, küçədə daha çox böyük təhlükələrlə üzləşə bilər. Əgər biz gördükdə ki, bu uşaqlarla valideyinlər arasında böyük təhlükə var o zaman biz icra hakimiyyətlərindəki qəbul komissiyalarına müraciət edirik və həmin uşaqlar uşaq müəssisələrinə yerləşdirilir".

Azərbaycan Uşaqlar Birliyinin sədri bu günə qədər 30-a yaxın uşağın uşaq müəssisələrinə yerləşdirildiyini dedi: " Hal-hazırda bizdə mərkəzdə 11 uşaq var və onlardan 3-nün uşaq müəssisəsinə yerləşdirilməsi məsələsini qaldırmışıq. Burada qalan uşaqlara isə çalışmışıq ki, ilkin ibtidai təhsil verək, asudə vaxtlarını səmərəli təşkil edək, eyni zamanda onlara müxtəlif seminarlar təlimlər keçiririk. Bu uşaqların arasında taksaman, cinsi kontakta olan uşaqlar var ki, biz onları məlumatlandırıq, maarifləndiririk" – deyə, Kəmalə Ağazadə sözlərinə əlavə edib.

Qadın Təşəbbüsü ictimai birliyinin rəhbəri, psixoloq Zemfira Mustafayeva da "Uşaq əməyi"nin istismarının daha çox daş bazarlarında, avtovağzallarda, xüsusi ev sahiblərinin bağlarında baş verdiyini söyləyib: " Belə uşaqlar ağır əmək altına tez düşdüyünə görə, həmin uşaqların formalaşması çətin gedir. Bunların boyları artmır, yuxusuz qalırlar, vaxtından tez cinsi yetişkənlik, soyuq və isti havada daxili orqanlarda xəstəliklərə düçar olurlar. Belə insanlara valideyinlər diqqət artırmırlarsa digər insanların da onlara qarşı qayğısı azalır. Birinci növbədə bu uşaqlara dövlətlə yanaşı bizim qayğımız da artmalıdır. Biz bunları görürük, amma nədənsə biganə yanaşırıq. Bu uşaqların psixoloji durumunda problemlər yaranır və onların həyata, gələcəyə baxışı məhv olur. Yəni o uşaq vaxtından tez özünü kişiləşdirir"

Psixoloqun sözlərinə görə, həmin uşaqlarda bir növ hamıya qarşı nifrət, kin-küdurət hissi yaranır: " Həmin uşaq çətin bir vəziyyətə düşəndə hətta yaxınında olan insanlara da xətər yetirə bilər. Yəni o uşaq ikən vəhşiləşməyə başlayır. Uşaqların inkişafını əsasən meto-səkkiz mərhələyə bölürlər. Bunların ən çətin mərhələsi uşaqlarda 13-15 yaş həddi olur. Bu yeniyetməlik, keçid dövrü də adlanır. Bu dövrdə uşaqların psixologiyasında, özünütanımada, təsdiqetmədə müəyyən bir çevriliş olur. Bu dövrdə onların cox böyük qayğıya, diqqətə ehtiyacı var".

Qadın Təşəbbüsü ictimai birliyinin rəhbəri bəzi valideynlərin hətta öz doğma övladlarına belə qayğısız yanaşdığını dilə gətirdi: "Bu da ondan irəli gəlir ki, birinci növbədə ailənin maddi durumu zəif olur. Onlar isəyirlər ki, təminatı yaxşı olsun. Onlarda uşaqlara qarşı məhəbbət az olur. Bütün bunlar nəticədə məktəb yaşında olan övladların küçəyə atılmasına səbəb olur" – deyə, psixoloq bildirib.

Uşaq əməyinin qurbanı olmuş zərərçəkən Elnur Hüseynov isə başına gələnləri bizə danışdı: "Mənim hazırda 18 yaşım var. 6 yaşından küçələrdə böyümüşəm. Vaxtıkən maşın yuyurdum, təkər qaraldırdım, şüşə silirdim. Sonra asta-asta böyüdükcə dərk elədim ki, bunlarla qabağa gedə bilməyəcəm. Başladım sonra "Avto Yuma"da işlədim və idmanla məşğul oldum. Şüşə silirdim deyirdim əmi 20 qəpik verərsən, sonra görürdum 50-60 qəpik çıxarıb verirdi. Sonra polislər bizi tutub aparıb, 2-3 gün iş verirdilər. Oradan çıxandan sonra yenidən dilənmək üçün bir yer axtarırdıq".

Zərərçəkən Elnur hətta küçələrdə belə soyuq bir şəraitdə qaldığından danışdı: "Biz "Tarqovu"da söküntü bir yerdə qalırdıq. Oranı da özümüz axtarıb, özümüz tapmışdıq. Yerimiz çox soyuq idi. Oğlanlarla 5-6 nəfər bürüşüb yatırdıq ki, isti olsun. Pulumuz olmayan vaxtı başımızı qatmaq üçün başlayırdıq uşaqlarla oyun oynayırdıq. Səhər, günorta axşam isə maşın şüşəsi silirdik. Bizə lağ edirdilər, dilənçi deyirdilər. Hətta elə insanlar olub bizə iş təklif edib, amma sənətimiz, yaşımız az olduğuna görə alınmayıb. Sonralar acsız-susuz qalmışam, başım ağrayıb bilməmişəm neynim, suyu tapsam da amma çörək tapa bilmirdim. Gedib başqasının qapısını döyüb su, çörək istəyirdik. Bəziləri verirdi, eləsi var qəddarlıq edirdi".

O, gələcək arzularından da danışıb: "Mənim gələcəkdə arzum odur ki, bir idman zalım olsun orda da namazımı qılım" – deyə Elnur Hüseynov bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə