Ombudsman Aparatının əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Vüqar Məhərrəmov və Zaur Vəliməmmədli Sloveniyanın Lyublyana şəhərində Avropa Şurası (AŞ) tərəfindən quruma üzv ölkələrin İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmlər (MPM) və Milli İnsan Hüquqları İnstitutlarının (MİHİ) əlaqələndiriciləri üçün təşkil olunan tədbirdə iştirak ediblər. SİA-nın xəbərinə görə, AŞ-a üzv ölkələrin nümayəndələrinin iştirak etdiyi həmin tədbirdə Milli Preventiv Mexanizmlərin və Milli İnsan Hüquqları İnstitutlarının işinin daha da təkmilləşdirilməsi məqsədi ilə təcrübə mübadiləsi aparılıb.
Qeyd olunmalıdır ki, son illərdə Avropa Şurası nəzdində yaradılan Milli İnsan Hüquqları İnstitutları ilə əməkdaşlıq üzrə xüsusi departament üzv ölkələrdə bu qurumların işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar həmin institutların əməkdaşlarını insan hüquqları üzrə keçirilən treninq və seminarlara dəvət edir və bu tədbirlərə Avropanın ən nüfuzlu ekspertlərini cəlb edərək iştirakçıların bilik və bacarıqlarının artırılmasına şərait yaradır.
Belə seminarlardan biri də bu ilin oktyabr ayında AŞ, İşgəncələr Əleyhinə Assosiasiyanın maliyyə dəstəyi və Azərbaycan Ombudsman Təsisatının təşkilatçılığı ilə Bakıda keçirilib. Müxtəlif ölkələrin və beynəlxalq qurumların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurası nüfuzlu ekspertlərinin də iştirak etdiyi həmin tədbirdə Ombudsman Elmira Süleymanova Milli Preventiv Mexanizm olaraq təyin olunan Azərbaycan Ombudsman Təsisatının işgəncələrin qarşısının alınması istiqamətində gördüyü işlər barədə geniş məlumat verib.
Sözü gedən tədbirdə Avropa Şurası tərəfindən İnsan Hüquqları sahəsində həyata keçirilən layihələrin qiymətləndirilməsi ilə yanaşı, gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib. Müzakirələr zamanı Z.Vəliməmmədli Azərbaycan Ombudsmanının gələcək seminarlardan birinin mövzusunun qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə həsr edilməsinə dair təklifini iştirakçıların nəzərinə çatdırıb. Ombudsmanın insan hüquqları sahəsində fəaliyyəti və innovativ təşəbbüsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB