Buz meydançası Bakı üçün yenilik olsa da, fəaliyyət göstərdiyi az müddətdə böyük marağa səbəb ola bildi. Ancaq meydançanın fəaliyyəti üçün hava şəraitinin buz kimi soyuq olması vacib olduğundan ötən il orada sürüşmək istəyənlərin arzusu reallaşmadı. Səbəb ötənilki qışda hava şəraitinin günəşli olması səbəbindən buz meydançasının kompressoru sıradan çıxması oldu.
Buz meydançasının normal fəaliyyət göstərməsi üçün isə temperaturun müsbət 10 dərəcədən yuxarı olmaması vacibdir. Paytaxtımızda az müddətdə fəaliyyətdə olsa da, böyük maraq və çoxlarının sevimli məşğuliyyətinə çevrilən meydançanın bu il fəaliyyət göstərib-göstərməyəcəyi öyrənmək üçün Milli Bulvar İdarəsinə müraciət etdik.
Ayın 15-dən meydança quraşdırılacaq
İdarədən bildirildi ki, yeni il bayramı ərəfəsində buz meydançasının istifadəyə verilməsi nəzərdə tutulub. Parkın baş mütəxəssisi Elşən Səmədov ayın 15-dən başlayaraq meydançanın quraşdırılmasına başlanacağını dedi: "Meydançanın fəaliyyəti daha çox hava şəraitindən asılı olacaq. Çünki havanın temperaturu yüksək olanda meydançanın istifadəsi mümkün olmur. Buz meydançasının tam gücü ilə işləməsi üçün soyuq hava şəraiti lazımdır. Bu il havalar soyuq keçir. Nəzərdə tutulub ki, ayın 15-dən başlayaraq buz meydançası istifadəyə verilsin".
Qiymətlər hər kəsin cibinə uyğun olacaq
Bəs görəsən buz meydançasında bu il qiymətlər necə olacaq. Qeyd edək ki, meydança fəaliyyətə başladığı birinci ildə qiymətlər heç də hamının cibinə uyğun deyildi. Bu səbəbdən də çoxları meydançada əylənənləri seyr etməklə kifayətlənməli olurdular. Çünki buz meydançasından 1 saat istifadənin qiyməti 20 manat, 10 dəqiqə sürüşmək 5, 20 dəqiqə sürüşmək 8, 40 dəqiqə sürüşmək isə 14 manat idi.
Ötən il isə meydança sıradan çıxsa da, qiymətlərdə xeyli endirim edilmişdi. Belə ki, 5 manat ödəməklə meydança da 20 dəqiqə sürüşmək mümkün idi. Bu ilki qiymətlər isə hələlik dəqiq məlum deyil. Milli Park İdarəsindən bildirildi ki, buz meydançasında sürüşmək bu il hər kəsin cibinə uyğun olacaq. Qiymətlər isə maydanca quraşdırılandan sonra acıqlanacaq.
Onu da deyək ki, buz meydançasının quraşdırılması üçün avadanlıq ölkəmizə Hollandiyadan gətirilib. Hər il meydança park ərazisində yerli mütəxəssislər tərəfindən quraşdırılır. 1000 kvadratmetr ərazidə quraşdırılan meydançanın uzunluğu 40, eni isə 25 metrdir. Burada bir dəfəyə bir-birinə mane olmadan 50 nəfər sürüşməsi üçün şərait var.
Meydançada sürüşmək qabiliyyətinə malik olmayanlar da nəzərə alınıb. Belə ki, xüsusi instruktorlar tərəfindən buz üzərinə çıxanlara yardım ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB