İran Xəzərdə nərə cinsli balıqların ovlanmasına beşillik qadağanın tətbiqini dəstəkləyir

İran Xəzərdə nərə cinsli balıqların ovlanmasına beşillik qadağanın tətbiqini dəstəkləyir

İran Xəzərdə nərə cinsli balıqların ovlanmasına beşillik qadağanın tətbiqinə tərəfdardır. SİA-nın məlumatına görə, belə bir təkliflə İranın \"Şilat\" balıqçılıq təşkilatı rəhbərinin müavini Əli Əsgər Mücdəhidi bu gün Bakıda Xəzər dənizinin Su Bioresursları üzrə Komissiyanın 32-ci iclasında çıxışında bildirib.

Mücdəhidinin sözlərinə görə, İran Xəzərin bioloji resurslarının qorunub saxlanması üçün ciddi işlər aparır və balıq ehtiyatlarının artırılması üçün Xəzəryanı ölkələrin birgə fəaliyyət göstərməli olduqlarını hesab edir. O bildirib ki, hazırda İranda balıqların kommersiya məqsədi ilə ovlanmasına qadağa mövcuddur.

Rusiya və Türkmənistanın nümayəndələri də Xəzərin bioloji resursları ilə bağlı hazırkı vəziyyətdən natahatlıqlarını ifadə ediblər və bu sahədə birgə səylərin göstərilməsinin vacibliyini qeyd ediblər.

Hazırda Xəzəryanı ölkələr - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nərə balıqlarının ovuna beş illik qadağaya tərəfdardırlar.

Qadağa barədə təkliflə ilk dəfə Qazaxıstan 2010-cu il noyabrın 18-də keçirilən Bakı sammitində çıxış edib. Digər Xəzəryanı ölkələr də bu təklifi dəstəkləyiblər və nərə cinsli balıqların ovuna qadağanın tətbiqi mexanizminin hazırlanması barədə tapşırıq verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə