Azərbaycanda məhkəmə-hüquqi islahatlar sahəsi ilə bağlı beynəlxalq konfrans keçirilib-YENİLƏNİB

Azərbaycanda məhkəmə-hüquqi islahatlar sahəsi ilə bağlı beynəlxalq konfrans keçirilib-YENİLƏNİB

Bu gün hakimlərin fərdi və ilkin davranışlar məsələlərinə həsr olunan: "Səriştəlilik, Müstəqillik, Qərəzsizlik, Şəffaflıq, Səmərəlilik - müasir dövrün tələbləri prizmasından Azərbaycanda məhkəmə-hüquq islahatları" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev konfransın bütün ictimaiyyət üçün əhəmiyyətindən danışıb, hakimlərin öz fəaliyyətlərində "Banqalor Prinsipləri"ndən yararlana bilmələrini deyib. Onun sözlərinə görə, konfransın məqsədi Azərbaycanda hüquqi islahatların əhəmiyyətinin müzakirəsi, BMT tərəfindən qəbul edilən hakimlərin davranışı üzrə "Banqalor Prisiplərinin" hüquqi ictimaiyyətə tanıdılması, ölkəmizdə hakimlərin davranış qaydalarını tənzimləyən ticari kodeksin adı çəkilən prinsiplərin prizmasında təkmilləşdirilməsinin müəyyən edilməsi və bu sahədə də milli və beynəlxalq təcrübənin bölüşdürülməsindən ibarətdir.

BMT-nin Ədalətli Məhkəmə Hakimiyyəti üzrə Hakimlər Qrupunun koordinatoru Nihal Cayavikrama BMT tərəfindən qəbul edilən "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri" haqqında danışıb. Onun sözlərinə görə, hakimlər üçün ən başlıcası müstəqillik, qərəzsizlik, dürüstlük və etik prinsiplərə əməl etməkdir: "Digərlərini mühakimə etmək üçün bu məqamlar hakimlərdə cəmləşməlidir. Hakimlər bərabərlik amilini də unutmamalıdır". O, məhkəmə-hüquq sahəsində istinadən edilən ədalət prinsiplərinin çoxunun islam qaydalarından götürüldüyünü və qədim Roma qanunlarından da istifadə edildiyini söyləyib.

Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Hüseyn Yıldırım iki ölkə arasında bu sahədə əməkdaşlığın əhəmiyyətinə toxunub və bildirib ki, ədalətin bərqərar edilməsi hamının məqsədi olmalıdır. Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatların uğurla aparıldığını vurğulayıb. Onun fikrincə, Azərbaycan Almaniya təcrübəsindən istifadə etməklə müvəffəqiyyət əldə edə bilər.

\"Avropa Şurasına üzv ölkələrin məhkəmə-hüquq sistemindəki vəziyyətlə bağlı hesabat açıqlanacaq\". Bu sözləri isə konfransda çıxışında Avropa Şurasının ədalət mühakiməsinin səmərəliliyi üzrə komissiyasının (CEPEJ) vitse-prezidenti Georq Stava deyib. O bildirib ki, Avropa Şurasına üzv olan ölkələrin məhkəmə-hüquq sistemindəki vəziyyətə dair aparılan monitorinqin nəticələri əsasında hesabat hazırlanır və bu sənəd 2012-ci ildə açıqlanacaq.

G. Stava qeyd edib ki, məhkəmə sisteminin müstəqilliyi ilə bağlı təmsil etdiyi qurumun təklifləri ölkələrə təqdim olunub. O, təcrübə mübadiləsinə hazır olduqlarını söyləyib: "Bununla bağlı Azərbaycan tərəfinin müraciətlərini həmişə müsbət cavablandırmaq niyyətindəyik".

Konfransda eyni zamanda Ədliyyə Nazirliyinin təşkilat üzrə baş idarəsinin rəisi, məhkəmə hüquq şurasının üzvü Adəm Cəfərov, Konstitutsiya məhkəməsinin hakimi Ceyhun Qaracayev, Azərbaycan hüquqşünaslar mərkəzinin sədri Anar Abdulov iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə