Bakı Funikulyoru gələn ilin may ayında istifadəyə veriləcək

Bakı Funikulyoru gələn ilin may ayında istifadəyə veriləcək
Bakıda ilk Funikulyor 1960-cı ilin may ayının 5-də tikilərək şəhər sakinlərinin ixtiyarına verilib. İlk əvvəl buradan nəqliyyat vasitəsi, eləcə də atraksion kimi istifadə edilib. Son 10 il ərzində funikulyorda bir neçə dəfə təmir işləri aparılsa da son təmir-tikinti və yenidənqurma işləri bu ilin aprel ayından başlayıb. Ərazidə aparılan təmir tikinti işlərinin gələn ilin may ayına kimi tamamlanması gözlənilir. İş icraçılarından aldığımız məlumata görə, funikulyor özünün yeni görkəmi ilə "Eurovision" mahnı müsabiqəsinə qədər istismara veriləcək. Hazırda funikulyorun Şəhidlər Xiyabanına çıxan gözləmə zalı tamamilə sökülüb. Relslər çıxarılıb, vaqonlar ərazidən uzaqlaşdırılıb. Ərazidə çalışan iş icraçısından onu da öyrəndik ki, əslində söküntü işləri artıq yekunlaşmalı idi. Lakin təmirlə bağlı planın bir neçə dəfə dəyişməsi təmir işlərinin ləngiməsinə səbəb olub. Aparılan yenidənqurma işlərindən sonra funikulyorun görünüşünün tamamilə dəyişiləcəyi gözlənilir. Stansiyaların şüşədən yığılacağı və piramida formasında olması deyilir. Mütəxəsislər deyir ki, funikulyor bir növ \"İçərişəhər\" metrostansiyasını xatırladacaq. Qeyd edim ki, Bakı funikulyoru Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edirdi ki, vaxtilə 4 dəqiqə ərzində bir stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edirdi. Vaqonlar arası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olub. Uzun müddət fəaliyyətsiz qalan funkulyor isə əsaslı təmirdən sonra 2001-ci ildə yenidən istismara buraxılıb. 6 ildən sonra obyektdə təmir işlərinə başlanılıb. 2007-ci ildən bəri funkulyorda bir neçə dəfə təmir işləri aparıldığından obyektin fasiləsiz işini təmin etmək mümkün olmayıb. Yeni funikulyorun təmirində istifadə olunacaq bütün detallar isə xarici ölkələrdən gətirilib. Maliyyə Nazirliyindən verilən məlumata görə, isə funikulyorun təmir və bərpası investisiya proqramına daxil edilib. Bunun üçün büdcədən 8 milyon manatın ayrılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə