Siyavuş Novruzov: “Yollarımız xaricdən gələn ağır tonnajlı yük maşınları tərəfindən dağıdılır”
Azərbaycana xaricdən daxil olan maşınların yükü əksəriyyətinin demək olar ki maşında göstərilən tonnajlardan artıqdır. Biz yollarımızın həmin maşınlar tərəfindən dağıdılmasının şahidi olmuşuq. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Millət vəkili bildirib ki, cənub istiqamətində çəkilmiş yeni yollara standartda nəzərdə tutulmuş çəkidən artıq olan ağır tonnajlı maşınlar daxil olur: \"Ayrı-ayrı şirkətlər, firmalar özlərinin nəqliyyat sferasını yaradıb və onlara gəlirdən başqa heç nə maraqlı deyil, nə sürücünün taleyi, nə də onun idarə etdiyi maşının texniki vəziyyəti. Halbuki bütün bunlar onların həyatı üçün təhlükə yaradır. Maşının yük daşınma yerinə əlavələr etməklə daha artıq yük daşıyırlar. Bu isə, Azərbaycan vətəndaşlarının vergilərindən gələn gəlirlər hesabına çəkilən yüksək standartlı yolların dağıdılmasına xidmət edir. Dünyanın hər yerinə ölkəyə giriş və çıxışlarda müxtəlif çəki vahidləri qoyulub. Əgər hər hansı bir maşının çəkisi artıqdırsa, onu yola buraxmırlar. Hər bir adam artıq yükün daşınmasına öz gəlirlərinin artırılması kimi baxmamalıdır\".
Bütün xəbərlər Facebook səhifəmizdə