Türkiyədə Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibətilə xatirə tədbirləri təşkil edilib

Türkiyədə Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibətilə xatirə tədbirləri təşkil edilib

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın Türkiyədəki səfirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsi Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibətilə xatirə tədbirləri təşkil edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, tədbirlər çərçivəsində Ankaradakı Heydər Əliyev parkında mitinq keçirilib. Mitinqdə təhsil naziri Misir Mərdanov, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, səfir Faiq Bağırov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkili Əhliman Əmiraslanov və Cavanşir Feyziyev, səfirliyin əməkdaşları, Heydər Əliyev məktəbinin tələbə və müəllimləri, diaspor nümayəndələri, Ankarada təhsil alan tələbələr, kursantlar, Polis Akademiyasının tələbələri, çox sayda ictimaiyyət nümayəndələri və KİV nümayəndələri iştirak ediblər.

Daha sonra Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibətilə xatirə tədbirləri Ankaranın "Sheraton Otel" mehmanxanasında davam edib. Xatirə gecəsində Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, müdafiə naziri İsmət Yılmaz, mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Türkiyə parlamentinin sabiq sədrləri Hikmət Çətin və İsmət Sezgin, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özəl, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Sədri Necdət Ünüvar, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının Başçısı Bilal Dündar, Mərmərə Qrupu Fondunun rəhbəri Akkan Suver, Bilkent Universiteti İdarə Heyətinin Sədri Əli Doğramacı, çox sayda millət vəkili, elm adamı, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyənin yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Anım gecəsi Heydər Əliyev haqqında qısa məlumatın verilməsi ilə açılmış, bir dəqiqəlik sükut ilə onun əziz xatirəsi yad edilmiş, Azərbaycan və Türkiyənin himnlərinin səsləndirilməsinin ardından ümummilli Liderimizin həyatından bəhs edən sənədli filmin nümayişi ilə davam edib.

Tədbirdə çıxış edən Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək iki ölkə münasibətlərinin qardaşlıq əlaqələri üzərində qurulmasından, Heydər Əliyevin bu əlaqələrin möhkəmləndirilməsində sonsuz xidmətlərindən və Dağlıq Qarabağ problemindən söz açıb. O, xüsusilə qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ probleminin həllinə bağlıdır. Cəmil Çiçək, Xocalı soyqırımı məsələsinə də toxunaraq bugünkü Ermənistan prezidentinin məhz bu soyqırımı törədənlərdən biri olduğunu qeyd edərək, Qərbin bu məsələyə səssiz qalmasını tənqid edib.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə çıxışında bildirib ki, Azərbaycanın aparıcı ölkələr sırasında layiqli yerini tutması ulu öndər Heydər Əliyevin müdrik siyasəti, gərgin fəaliyyəti nəticəsində həyata keçib. Onun sözlərinə görə, bu gün Azərbaycanın bütün şəhər və kəndlərində olduğu kimi, qardaş Türkiyənin də şəhərlərində dahi şəxsiyyətin xatirəsi ehtiramla anılır. O, qeyd edib ki, ulu öndər Heydər Əliyev qardaş Türkiyəni də Azərbaycan qədər sevirdi və Ankaradakı möhtəşəm abidə, İstanbulun Sarıyer rayonundakı heykəl Heydər Əliyevin xatirəsinə böyük ehtiramın təzahürüdür. O, vurğulayıb ki, Türk dünyası xalqlarının qəlbində, insanların ürəyində Heydər Əliyev sevgisi yaşayır.

Əli Həsənov deyib ki, Azərbaycan-Türkiyə əlaqələrinin son yüzillik tarixi iki dahi şəxsiyyətin kəlamı ilə səciyyələnir. Belə ki, bunlardan biri, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", digəri isə Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" kəlamlarıdır. İki öndərin müdrik kəlamlarını çiyinlərimizdə daşımaq, gələcək nəsillərə ərməğan etmək bu gün bizim vətəndaşlıq, türklük borcumuzdur.

Gecədə tədbir iştirakçılarına, Heydər Əliyevə həsr olunmuş Arif Məlikovun "Əbədiyyət" adlı səkkizinci simfoniyasının DVD diski və müxtəlif xatirə hədiyyələri ilə yanaşı, ölkəmizlə bağlı təbliğat xarakterli materiallar təqdim edilib.

\"\"

\"\"

\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə