Böyük Britaniya Parlamentində İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik naharı keçirilib

Böyük Britaniya Parlamentində İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik naharı keçirilib

Böyük Britaniya Parlamentində İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik naharı keçirilib. Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev, İngiltərə-Azərbaycan Cəmiyyətin fərdi və korporativ üzvləri, Səfirliyin əməkdaşları iştirak edib.

Cəmiyyətin sədri Lord Freyzer çıxış edərək onun cari il ərzindəki fəaliyyətinə toxunub və iki ölkə arasında mədəni-humanitar əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Təşkilatın fəaliyyətini dəstəkləyən ayrı-ayrı fərd və şirkətlərə minnətdarlığını bildirib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının "Dostluq Ordeni" ilə təltif olunmasından şərəf duyduğunu və bunu Cəmiyyətin fəaliyyətinə verilən yüksək qiymət olduğunu söyləyib. Rəhbərlik etdiyi cəmiyyətin bundan sonra da iki ölkə arasında mədəni-humanitar əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini qeyd edib.

Tədbir zamanı səfir Fəxrəddin Qurbanov İngiltərə-Azərbaycan Cəmiyyətinin il ərzindəki fəaliyyətini yüksək qiymətləndirib və onun ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. Cəmiyyətin xeyriyyəçilik işini, o cümlədən azərbaycanlı kimsəsiz və əlil uşaqlara, habelə gənc istedadlara göstərdiyi qayğını yüksək dəyərləndirib. Səfir cəmiyyətin fəaliyyətini dəstəkləyən ayrı-ayrı fərd və şirkətlərə öz minnətdarlığını bildirib.

Tədbir çərçivəsində istedadlı skripkaçı Nigar Mirzəyeva dünya musiqi klassiklərindən parçalar ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə