Amerikalı milyonçu: “Bir qadının biznesdə uğur qazanmasının ilk meyarı inadkarlıqdır” - MÜSAHİBƏ

Amerikalı milyonçu: “Bir qadının biznesdə uğur qazanmasının ilk meyarı inadkarlıqdır” - MÜSAHİBƏ

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət göstərən "Qadın jurnalistlər klubu"nun növbəti qonağı ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, klubun üzvləri olan jurnalistlərin suallarını bu dəfə Amerikalı milyonçu qadın, texnologiya sahəsində nüfuz qazananlardan biri, 2011-ci ildə Dünya İqtisadiyyat Forumu tərəfindən Gənc Qlobal Lider adına layiq görülən Alisia Morqa cavablandırıb.


- Bildiyimizə görə, siz əslən meksikalıcınız. Maraqlıdır, ABŞ-a neçə yaşında gəlmisiniz?

- Valideynlərim 60-cı illərin sonunda Meksikadan Amerikaya köçüb. Mən Amerikada doğulmuşam.


- Amerikada təhsil almısınız, orda da biznesə başlamısınız. Nədən belə bir addım atmağa ehtiyac duydunuz?

- Biz çox kasıb idik, bunun nəticəsində mən Amerikada uşaq evlərində böyüdüm. Düşünürdüm ki, həyat şəraitimizi dəyişdirmək üçün təhsil almaq lazımdır. Ona görə də fikrimi Stanford Universitetinin üzərində cəmləşdirdim. Universitetin bakalavr, Stanford Hüquq Məktəbinin hüquq elmləri üzrə doktoru dərəcəsini aldım və bir neçə yerdə işlədim. Daha sonra öz biznesimə başladım.


- Sizcə, qadının biznesdə uğur qazanması üçün ilk şərt nədir?

- Mənə elə gəlir ki, bir qadının biznesdə uğur qazanmasının ilk meyarı inadkarlıqdır. Yəni nə olursa olsun, mütləq başladığınız işi davam etdirməniz lazımdır. Siz çox səhv edəcəksiniz, çox uğursuzluqla, çətinliklə qarşılaşacaqsınız, amma bayaq da dediyim kimi, nə olursa olsun, başladığınız işi davam etdirməniz lazımdır. Bundan başqa, yaxşı lider olmaq üçün özünüzü anlamanız gərəkdir. Siz nəyi yaxşı, nəyi zəif bacardığınızı ayırd edə bilməlisiniz. Sizin üçün vacib, yaxud az əhəmiyyətli olan şeyləri bilməlisiniz. Bilirəm, bu, çox sadə səslənir, amma səsləndiyi kimi sadə deyil.


- Biznesdə uğur qazanmaq üçün qadın nədən başlamalıdır və ideal yaş neçədir?

- Məncə, biznesə ilk növbədə sevdiyiniz işdən başlamaq lazımdır. Ümumiyyətlə, biznesə başlamaq çox çətin bir işdir, amma bu sizin sevdiyiniz iş olsa, məsələni daha da asanlaşdırır. Biznes qurmaq üçün ideal yaşın olub-olmadığını bilmirəm. Əmin olduğum sadəcə bir şey var, bu işə başlamamışdan öncə təhsiliniz olmalıdır. Mən 32 yaşımda başlamışam. Keçmiş işlərimdə əldə etdiyim maaşları yığdım və biznesimə elə həmin kapitalla, birotaqlı evim, kompyuter və özümlə başladım. Çox çətinliklə üzləşdim. İlk müştərimi tapana kimi yüzlərlə zənglər edib, məktublar yazdım. Hətta işçilərimi işə götürməkdə də çətinliklər çəkmişəm. Bəziləri mənim liderliyim altında işləməkdən çəkinirdilər. Onlara göstərirdim ki, mənim biznesim böyüyür və onlar mənimlə işləsələr nələr əldə edə bilərdilər. Etiraf edirəm ki, bunu onlara sübut etmək uzun müddət tələb edirdi.


- Siz uğur qazanacağınıza əmin idiniz və bunun təməlində nələr durur?

- Bilirsiniz, sıfırdan başlayanda sizin itirməyə də heç nəyiniz olmur. İstər heç nə ilə, istərsə də əlinizdə hansısa imkanla başlayırsınızsa başlayın, fərq etməz, bu, hər bir halda çətindir. Məncə, uğurun təməlində səbir, həvəs və inadkarlıq durur.


- Niyə qadın təkbaşına maqnata çevrilə bilmir və iş qadını maksimum hara qədər uğur qazana bilər?

- Mən düşünürəm ki, istər mənim, istərsə də başqa ölkələrdə qadın sahibkarların uğurunun limiti yoxdur. Amerikada Marta Stüard və Opra Vinfrey kimi uğur qazanmış xanımlar var. Onlar xanımların sahibkarlıq işində uğur qazana biləcəklərinə dair ən yaxşı misallardır. Mən daha çox texnologiya biznesi ilə məşğul olan qadınların sayının artmasını istərdim. Amerikada texnologiya sahəsi tamamilə kişilərin dominantlığı altındadır.


- Bir kişinin və ya hansısa dəstəkçinin köməyi olmadan qadın özü bunlara nail ola bilərmi?

- Mən düşünmürəm ki, hər bir kəsin uğuru tamamilə onun öz işidir. Dəstək həm kişilərdən, həm də qadınlardan gələ bilər. Amma dəstək də müxtəlif cür ola bilər. Dəstək deyəndə təkcə pulu nəzərdə tutmuruq. Bəzən bizə lazım olan sadəcə bir dostdur ki, ideyalarımızı eşidib, başını yelləyə bilsin. Mən biznes fikirlərimi həyata keçirmək üçün bu cür dəstək almışam. Eyni zamanda da özümə qarşı məhz texnologiya sahəsində kişilərdən müxalif fikirlər eşitmişəm. Ancaq mən bu müxalif qüvvələrdən yan keçmək üçün yollar tapa bilmişəm. Müşahidələrimdən belə qənaətə gəldim ki, kişilər adətən kişilərlə işləməyi sevir. Ona görə ki, onlar daha çox tanıdıqları adamlarla işləməyə üstünlük verirlər. Mən də onlarla əlaqə qurmağın başqa yolunu tapdım. Və bu əlaqənin özəyini adətən bizim oxuduğumuz universitet təşkil edir. Çünki onlar biləndə ki, eyni universitetin tələbələri olmuşuq, onda mənimlə işləməyə daha çox meyil göstərirdilər. Bu, gələcəkdə öz biznesini başlamaq istəyən insanlara təhsilin önəmini göstərən daha bir misaldır.


- Amerikadakı biznesmen qadınlarla müqayisədə bizim sahibkar qadınların oxşar və fərqli cəhətləri hansılardır?

- Mənim burada bir neçə regiona - İsmayıllı, Şəki, Quba, Gəncə, Şirvan, Xaçmaz - getmək şansım oldu. Oralarda uğurlu, gənc sahibkar xanımlarla qarşılaşdım. Azərbaycandakı və Amerikadakı xanım sahibkarlar arasında oxşarlıq çoxdur. Amerikada biznesmen qadınlar da kapital əldə etmək üçün mübarizə aparırlar. Bir çox xanım sahibkar ya özünün yığdığı pullardan, ya da kimdənsə - dostlarından, qohumlarından aldıqları pullardan istifadə edirlər. Çünki çox vaxt bankdan pul götürmək onlar üçün çətin olur. Bir çox xanım sahibkar öz ailəsinin narazılığı ilə qarşılaşır. Ona görə bu baxımdan biz çox oxşarıq.


- Qadın sevdiyi işlə məşğul olmalı, yoxsa pulu, kapitalı olan işin dalınca getməlidir?

- Məncə, bu sualın cavabı çox fərqlidir. Yəni bu, hər kəsin özündən asılıdır. Bu, daha çox həmin şəxsin həyatda nəyi necə qiymətləndirməsi ilə bağlıdır. Ümumiyyətlə, inanmıram ki, pul kiməsə, nəyisə sevdirə bilər.


- Azərbaycanda öz biznesinizi qura bilərsinizmi?

- Yox, düşünmürəm, çünki mən burdakı biznes mühitini bilmirəm. Məncə, bunu etməli olan adam da mən deyiləm. Ümid edirəm ki, rast gəldiyim sahibkar qadınlardan kimlərsə bunu mütləq edəcəklər.


- Dünyada qadının "zəif cins" adlandırılması ənənəsinin bitməsi üçün hansısa bir çevriliş lazımdırmı? Sizcə, nə etməli?

- Mənə elə gəlir ki, bu cür mühakimələrə qarşı mübarizə aparmağın ən yaxşı yolu əks görünüş yaratmaqdır. Əgər istəmirsiniz ki, sizi zəif görsünlər, onda güclü kimi hərəkət edin.


- Kifayət qədər həyat və iş təcrübəsinə sahibsiniz. Sizcə, uğurlu iş qadını olmaq üçün qadın nəyə pul xərcləməməlidir və nədə qənaət etməlidir?

- Qazandığım pullara hər zaman qənaət etmişəm. Mənim dostlarım qazandıqları pula bahalı maşınlar, paltarlar alanda, mən yığırdım. Elə biznesimi də yığdığım o pullarla qurdum. Nəyə pul xərcləməməlidir? Məncə, bu hər bir qadın üçün fərqlidir. O, öncə ona vacib olanı dəqiq müəyyənləşdirməli, daha az əhəmiyyətli olana pulunu xərcləməməlidir.


- Amerikaya qayıdandan sonra amerikalılara Azərbaycanı necə təqdim edəcəksiniz?

- Əslində, mən özümü burda çox fərqli mədəniyyət görməyə hazırlamışdım. Davranışın, geyim tərzinin çox fərqli olacağını düşünürdüm. Amma düşündüklərimin əksinə olaraq burda Amerikadakı sahibkar xanımlarla çox oxşar həyat tərzi olan xanımlar gördüm. Azərbaycan isə gözəldir, yeməkləri çox dadlıdır, insanlar çox qonaqpərvərdir. Hətta sakit dayananda, elə bilirdilər mən azərbaycanlıyam.


- Alisia xanım, bəlkə də bilmirsiniz, amma bizdə Latın Amerika serialları çox məşhurdu. Sizcə, o seriallarda əks olunan əxlaqsız, yüngül həyat tərzini ekrana gətirməyə nə məcbur edir?

- Doğrudan? Onlar çox pisdir. Hətta dəhşətli dərəcədə pisdir. Mənə elə gəlir ki, bir çox insan əyləncəli həyat hekayələrində maraqlıdır. Çünki bu onlara öz həyatlarının reallıqlarından qaçmağa kömək edir. Bu, dünyanın hər yerində hər kəsə şamil edilə bilər. Ordakı həyat reallıq deyil.


- Amerikada Azərbaycanın Qarabağ problemi haqda eşitmisinizmi və bir həftə ərzində sizə bu haqda məlumat verilibmi?

- Qəzetləri oxuyuram, məlumatım var, amma bura gəlişimin məqsədi bu barədə şərh vermək deyil.


- Bu gün bütün dünya qadınlara qarşı zorakılıqla mübarizə aparır. Bu mübarizədə qadınlar daha çox üstünlük təşkil edir. Siz bu səpkili layihələrdə iştirak edirsinizmi?

- Bəli, mən də bu istiqamətdə çalışıram. Bilirəm ki, bu, çox böyük problemdir. Və qadınlar belə şəraitdə olan münasibətlərdə olmamalıdırlar. Bunu həmişə onlara tövsiyə edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə