“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun şərhi kitabının təqdimat mərasimi keçirildi

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun şərhi kitabının təqdimat mərasimi keçirildi
DİN-in Polis Akademiyasında "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun şərhi kitabının təqdimat mərasimi keçirilib. Polis Akademiyası rəisinin böyük köməkçisi, polis polkovniki Fərhad Məmmədov tədbiri açaraq bildirib ki, məişət şəraitində qadın və uşaqlara qarşı zorakılıq ilk növbədə insan hüquqlarının təminatına təhlükə yaradır, bunun qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Bu sahədə mövcud problemlərin həll olunmasında "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun mühüm rol oynayır. Ölkənin hüquq mühafizə orqanları akademiyalarında, hakimlər, vəkillər, prokurorlar arasında bu qanunun düzgün qavranılaraq tətbiqi məqsədilə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun şərhi kitabı nəşr olunub. Kitab Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin yaxından dəstəyi ilə Konstitusiya Məhkəməsinin hakimi, AHK idarə heyətinin üzvü Ceyhun Qaracayevin müəllifliyi ilə hazırlanıb. AHK-ın baş katibi Nadir Adilov isə məişət zorakılığına qarşı mübarizə tədbirlərinin cəmiyyətdə aktuallığından danışıb. Kitabın müəllifi, Konstitusiya Məhkəməsinin hakimi, AHK idarə heyətinin üzvü Ceyhun Qaracayev çıxışında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlamentdə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul olunmasından söz açıb.C.Qaracayev kitabda əksini tapan məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsipləri xüsusi vurğulayaraq bu sahədə bir çox dövlətlərdə görülən məqsədli işlərdən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə