Əfqanıstanın dövlət qulluqçuları Azərbaycanın idarəçilik təcrübəsini öyrənəcək

Əfqanıstanın dövlət qulluqçuları Azərbaycanın idarəçilik təcrübəsini öyrənəcək

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Əfqanıstanın Müstəqil İnzibati İslahat və Dövlət Qulluğu üzrə Komissiya sədrinin müavini Rohulla Osmani ilə görüşüb. DQMK-dən SİA-ya verilən xəbərə görə, DQMK-də keçirilən görüş BMT-nin İnkişaf Proqramının Əfqanıstan üzrə nümayəndəliyinin Əfqanıstan hökuməti ilə birgə həyata keçirdiyi "Milli İnstitusional Quruculuq" layihəsi çərçivəsində təşkil olunub.

Səfərin əsas məqsədi idarəetmənin müxtəlif sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsidir. Görüş zamanı B.Xəlilov son dövrlər Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlara toxunaraq dövlət qulluğuna şəffaf və obyektiv qəbulun müsabiqə yolu ilə təşkilində tətbiq edilən yeniliklər, e-hökumət sahəsində islahatlar, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluqçularının etik davranış qaydaları barədə qısa məlumat verib, bu sahələrdə əldə edilən uğurlardan və komissiyanın beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyi layihələrin nəticələrindən danışıb.

R.Osmani DQMK-nin fəaliyyətinin əhəmiyyətini vurğulayaraq Azərbaycanda dövlət sisteminin təkmilləşdirilməsi sahəsində görülən işləri yüksək qiymətləndirib və Əfqanıstanın bu sahədəki təcrübəsi barədə məlumat verib. Görüş zamanı, həmçinin hər iki ölkə arasında dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində əməkdaşlığın perspektivləri və bu sahədə beynəlxalq-hüquqi sənədin hazırlanması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan təcrübəsini öyrənmək məqsədilə Əfqanıstan dövlət qulluqçularının respublikamıza səfər etməsi barədə razılıq əldə edilib.

Daha sonra qonaqlar üçün komissiya əməkdaşlarının Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar, komissiyanın funksiyaları və fəaliyyəti, dövlət qulluğuna qəbulun müsabiqə yolu ilə təşkili, müsabiqənin test və müsahibə mərhələləri, bu sahədə tətbiq edilən yeniliklər barədə təqdimatla çıxışları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə