Qənirə Paşayeva: “Məişət zorakılığına, qadınlara qarşı zorakılıqla qarşı sərt mübarizə aparmalıyıq”

Qənirə Paşayeva: “Məişət zorakılığına, qadınlara qarşı zorakılıqla qarşı sərt mübarizə aparmalıyıq”

"Məişət zorakılığına, qadınlara qarşı zorakılıqla sərt mübarizə aparmalıyıq. Məişət zorakılığı cəmiyyətə öz mənfi təsirini göstərir və insan haqlarının kobud şəkildə pozuntusudur." SİA-nın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında qadınlara qarşı zorakılığının aradan qaldırılmasına həsr edilmiş tədbirdə deyib. O, Azərbaycanda məişət zorakılığına qarşı mübarizə istiqamətində qanunun qəbulunu çox yüksək dəyərləndirərək bu qanunun həyata keçməsi istiqamətində bütün cəmiyyətin səfərbər olmasının vacibliyini vurğulayıb.

Məişət zorakılığı hallarının bütün dünyada baş verdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, qadınlara qarşı zorakılıqla sərt mübarizə aparan ölkələrin təcrübəsi göstərir ki, müsbət nəticələr əldə etmək olur. O, Azərbaycanın da məhz bu yolla gedərək məişət zorakılığına qarşı ciddi mübarizəyə başladığını deyib.

"Biz bununla bağlı maarifləndirmə işlərini daha da sürətləndirməliyik. Məktəblərimizdən başlayaraq kiçik yaşlarından gələcəyin kişiləri olacaq oğlanlarımıza və gələcəyin qadınları olacaq qızlarımıza məişət zorakılığının nə qədər dəhşətli bir insan haqları pozuntusu olduğunu öyrətməliyik. Televiziyalarda, mətbuatda bu mövzuya geniş yer verilməlidir və bölgələrdə maarifləndirmə işlərini daha da artırmalıyıq. Bununla yanaşı zorakılıq törədənlərə qarşı sərt cəza mexanizmlərini işə salmalıyıq və zorakılıq qurbanlarının dövlət tərəfindən mühafizə olunması işini sürətləndirməliyik", millət vəkili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə