Hava yağışlı olacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 10-da hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, günün ikinci yarısında havanın tədricən tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5 dərəcə isti, günün birinci yarısında 7-9 dərəcə, günün ikinci yarısında isə 4 dərəcəyə yaxın isti olacağı gözlənilir.Azərbaycanın rayonlarına gəlincə, dekabrın 10-da bəzi rayonlarda yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13 dərəcə şaxta olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa içmalını da açıqlayıb. Dekabrın 10-u gündüzdən, 11-i səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, axşam və gecə yağış yağacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə