Türkiyə səfirliyi Atatürk hava limanında baş verənlərə münasibət bildirib

Türkiyə səfirliyi Atatürk hava limanında baş verənlərə münasibət bildirib

Türkiyə səfirliyi hüquq müdafiəçisi İntiqam Əliyevin Atatürk hava limanında fiziki təzyiqlərə məruz qalması ilə bağlı məlumatlara münasibət bildirib. Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyinin yaydığı açıqlamada deyilir: "Dekabrın 6-da hüquq müdafiəçisi İntiqam Əliyevin Türkiyədən çıxarkən Atatürk hava limanında Türk polisi ilə yaşadığı problemə bəzi media orqanlarının yanaşma tərzini heyrət və təəssüflə qarşılayırıq. Türkiyədə çox az-az hallarda meydana gələn tamamilə hüquqi bir hadisənin bu qədər şişirdilməsi olduqca təəccüblüdür. Səfirlik bir çox jurnalistin səfirliklə heç bir əlaqəsi olmayan bu hadisəni ümumiləşdirərək Türkiyə adından istifadə etməsini və təxribatçı üslubda yazılar yazmasını pisləyir. Bu cür yazılar ölkələrimiz və xalqlarımız arasındakı əlaqələri yanlış istiqamətə yönəltməklə qalmayıb, eyni zamanda qardaşlıq əlaqələrinə qarşı da böyük bir haqsızlıqdır. Bir nəfərin yaşadığı və hər iki ölkədə də meydana gələ biləcək belə bir hadisəni, başqa bir müstəviyə daşıyaraq Türkiyə-Azərbaycan əlaqələrini bir sıra mənfəətlərə alət etməyin jurnalistika etikasına uyğun olmadığını düşünürük.

Nəticədə, səfirliyimizlə əlaqəsi olmayan və təəssüf hissi ilə qarşılanan belə bir hadisəni öz miqyasında dəyərləndirmək lazımdır.

Türkiyənin Azərbaycandakı səfirliyi hər zaman olduğu kimi bundan sonra da ölkələrimiz və xalqlarımız arasındakı mükəmməl qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi yönündəki çalışmalarına davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə