Prokurorluq cəzaçəkmə müəssisəsində baş verən insidentlə bağlı məlumat yayıb
Bakı şəhər Prokurorluğu Qaradağ rayonu ərazisində yerləşən Penitensiar Xidmətin 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində baş vermiş insidentlə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 8-də saat 19:45 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Məntəqə Tipli Müəssisəsində cəza çəkən və müəssisənin daxili rejim qaydalarını pozduğuna görə cərimə otağında saxlanılan 1988-ci il təvəllüdlü Dadaşov Fərid Cavid oğlu və 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlu kanalizasiya xəttinin nasaz olması barədə yalan məlumat verməklə müəssisə rəisinin növbətçi köməkçisi Seymur Məhərrəmov və nəzarətçi Ramiz Əlifovdan onlara köməklik göstərmələrini xahiş ediblər.
Sonuncular otağa daxil olmaq istədikdə Fərid Dadaşov və Faiq Fərəcov əvvəlcədən çarpayıdan sökdükləri dəmir parçalarla onların bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq müxtəlif dərəcəli xəsarətlər yetirib. Məhkum F.Fərəcov hadisə yerindən qaçıb, F.Dadaşov isə müəssisənin əməkdaşları tərəfindən saxlanılaraq yenidən cərimə təcridxanasına salınıb. Daha sonra məhkum F.Dadaşov cərimə otağındakı adyalın sonluğunu cırıb özünü pəncərənin dəmir barmaqlıqlarından asaraq intihar edib.
Faktla bağlı dekabrın 8-də Bakı şəhər prokurorluğu tərəfindən CM-nin 125, 304.2.1, 304.2.2, 304.2.3 və 317.3-cü maddələri ilə cinayət işi başlanılaraq, istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə həvalə edilib. Hazırda cinayət işi üzrə məhkum Faiq Fərəcovun tutulması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB