Yol polisinin bu dəfəki hədəfi marşrut sürücüləri oldu

Bərdədə sərnişin daşıyan marşrut sürücülərinin çoxu sürücülük vəsiqəsi olmadan avtomaşın idarə edirlər. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu cür sürücülər tək özlərinin deyil, eyni zamanda onlarla adamın həyatını təhlükəyə atırlar.

Bərdədə yol polisinin keçirdiyi reyd zamanı sürücülük vəsiqəsi olmadan mikroavtobus idarə edən bir neçə sürücü saxlanılıb. Şəhərin müxtəlif istiqamətlərində sərnişindaşımayla məşğul olan sürücülər polisin keçirdiyi reyddən yayınmaq istədilər. Amma reyd zamanı çoxlu sayda sürücüləri saxlayaraq barələrində protokol tərtib edildi. Bəzi avtomaşınlar isə cərimə meydançasına aparıldı.

Yollarda bu cür avtomaşınların şütüməsi isə özündən əlavə ətrafdakılar üçün əsl təhlükə mənbəyidir. Hətta elə avtomaşınlar var ki, bir neçə ildir texniki baxışdan da keçirilməyib.

Qeyd edək ki, yol polisləri bu cür reydləri mütəmadi davam etdirəcək. Yaxşı olar ki, sürücülər avtomaşınlarını və sənədlərini qaydaya salsınlar.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə