“Təmiz Şəhər” ASC bərk məişət tullantılarının idarə edilməsi mövzusunda mühazirələr keçirib

“Təmiz Şəhər” ASC bərk məişət tullantılarının idarə edilməsi mövzusunda mühazirələr keçirib

"Təmiz Şəhər" ASC illik fəaliyyət planına uyğun olaraq əhalinin tullantıların idarə edilməsi haqqında biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

Qurumdan SİA-ya verilən xəbərə görə, növbəti maarifləndirmə tədbiri dekabr ayının əvvəlində Azərbaycan Dövlət Neft Akademiyasında keçirilib. "Təmiz Şəhər" ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən ADNA-nın ikinci kurs və magistratura tələbələrinə "Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda mühazirələr oxunub.

Mühazirəçi tələbələrə bərk məişət tullantılarının anlayışı, termin və təyinləri, bərk məişət tullantılarının idarə olunmasının ekoloji konsepsiyası, Balaxanıda inşa olunan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında və İçəri şəhərdə tullantıların çeşidlənməsi layihəsi haqqında ətraflı məlumat verib.

Qeyd etmək lazımdır ki, artıq 3-cü ildir ki, "Təmiz Şəhər" ASC Azərbaycan Dövlət Neft Akademiyası ilə gənc nəslin ekoloji maarifləndirilməsində və tərbiyəsində birgə fəaliyyət göstərirlər. Bu cür səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə