Ziyad Səmədzadə keçirdiyi yol qəzası ilə bağlı açıqlama verdi

"Hazırda səhhətim çox yaxşıdır. Əminəm ki, həkimlərin səyi nəticəsində tam sağalacağam". SİA-nın verdiyi xəbərə görə, bu sözləri jurnalistlərə verdiyi açıqlamasında bir müddət öncə baş verən yol qəzasında xəsarət alan millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib. Hazırda işə başladığını, Milli Məclisin iclaslarında da iştirak edəcəyini deyən Ziyad Səmədzadə baş verən yol qəzası ilə bağlı cinayət işinin açılıb-açılmaması, qəzanın baş verməsinə səbəb olan sürücünün necə cəzalandırılması barədə məlumatsız olduğunu deyib: "Allaha and olsun, heç sürücünün adını da bilmirəm. Müvafiq orqanlar bununla məşğul olur. Mən heç bununla maraqlanmıram".

Məlumat üçün bildirək ki, Ziyad Səmədzadənin xəsarət aldığı yol-nəqliyyat hadisəsi noyabrın 25-də Binəqədi rayonu Cəfər Xəndan küçəsində qeydə alınıb. Millət vəkilinin xidməti avtomobili "Nissan" markalı, 10 AA 411 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə hər iki maşının sürücüsü və Z. Səmədzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə