Nazir təhvil verilməyən binaların söküləcəyi ilə bağlı ehtimalları təkzib etdi

Nazir təhvil verilməyən binaların söküləcəyi ilə bağlı ehtimalları təkzib etdi

"Bəzən şikayətlər olur ki, yeni tikililərdə adamlar yaşayır, amma oraya qaz və ya digər kommunal xidmətlər verilmir. Bu, təbiidir. Çünki qanuna görə, yeni tikililərdə bütün texniki şərtlərə əməl olunmalı və bina təhvil verilməlidir. Yalnız bundan sonra binaya qaz və digər kommunal xidmətlər göstərilə bilər". SİA-nın xəbərinə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Azərbaycanda inşa olunmuş bəzi yeni yaşayış binalarına qazın verilməməsi həmin tikililərin texniki şərtlərinin alınmaması və istismara qəbul edilməməsi ilə bağlıdır.

Nazir vurğulayıb ki, hazırda təhvil alınmayan binaların sayı çox deyil və onlara kommunal xidmətlərin pulunun yığılmasında da problem ola bilər. O, indiyədək təhvil verilməyən binaların söküləcəyi ilə bağlı ehtimalları da təkzib edib.

"Bina sökülməyəcək, əgər onun qazla bağlı texniki şərti yoxdursa, onu həll etməlidir. Binaların təhvil alınmaması orada yaşayanlara digər problemlər də yaradır. Sakinlər telefondan istifadə edə bilmir, ünvanları yoxdur, onlara məktubun gəlməsi mümkün deyil, eləcə də təcili yardım xidmətləri, o cümlədən yanğınsöndürənlərin buranı tapması da çətinləşir. Son vaxtlar adamlar alacaqları evlərə nəzarət edirlər. Adamlar evləri alanda sadəcə ucuzluğu deyil, sonradan yarana biləcək texniki məsələləri də nəzərə almalıdırlar.

K.Heydərov nazirliyin hər gün qazdan istifadə ilə bağlı tədqiqat apardığını deyib. O vurğulayıb ki, bəzi qaz sobalarının ölkəyə gətirilməsinə qadağa qoyulması ilə bağlı Gömrük Komitəsinə və digər qurumlara müraciət edilib: "Bu məsələdə insanlar da ehtiyatlı olmalıdırlar. Bəzi vətəndaşlar bu sobaları fərdi olaraq gətirir və düzgün quraşdırmırlar. Bu da öz növbəsində acı nəticələrə gətirib çıxarır".

Bütün xəbərlər Facebook səhifəmizdə