“Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu” mövzusunda konfrans işə başlayıb

Bu gün Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatılığı ilə "Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda konfans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Yasamal rayonunun ziyalıları, müəssisə rəhbərləri, 35-ə yaxın qəzet redaktorları, informasiya agentliklərinin rəhbərləri iştirak edib.

Təbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Azərbaycan mətbuatının yaranma tarixindən danışıb. Müstəqilliyin ilk dövrlərində mətbuatda senzuranın mövcud olduğunu deyən icra başçısı bildirib ki, çoxsaylı əngəllər mətbuatın inkişafına mane olurdu. O, qeyd edib ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra mətbuat üzərindən senzura ləğv edildi: "Hazırda təməli uğurlu qoyulan siyasət prezident İlham Əliyev tərəfindən davam etdirilir. Buna bariz nümunə kimi Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını göstərmək olar".

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli 136 yaşlı mətbuatın keçdiyi inkişaf yolundan danışıb. V.Səfərli qeyd edib ki, bu gün ölkədə 5000-dən artıq KİV qeydiyyatdan keçib: "Hazırda 300-ə yaxın gündəlik, həftəlik, aylıq qəzetlər fəaliyyət göstərir. Müstəqil qəzetlərin sayı artıqca onların maliyyə vəsaitləri ilə təmin olunmasında müəyyən çətinliklər yaranırdı. Bu və ya digər məsələləri nəzərə alaraq 2009-cu ildə müstəqil mətbuatın inkişafına dəstək məqsədilə KİVDF yaradıldı. KİVDF-yə hər il müəyyən məbləğdə dövlət tərəfindən müəyyən vəsaitlər ayrılır. Bu da müstəqil qəzetlərin inkişafı üçün nəzərdə tutulur".

Mətbuast Şurasının sədri Əflatun Amaşov isə "reket" jurnalistlərlə mübarizədə diqqətli olmağa çağırıb. O, qeyd edib ki, əgər hər hansı qəzetdə kiminsə barəsində şər-böhtan xarakterli məlumat gedirsə, Mətbuat Şurasına müraciət etsin, məhkəməyə yox. Ə. Amaşov həmçinin vurğulayıb ki, yaxın günlərdə bir çox KİV-lərdə qəzetlərin "qara siyahı"sı dərc olunacaq.

Tədbirdə digər çıxış edənlər də milli mətbuatın zəngin və şərəfli yoluna nəzər saldılar, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə KİV nümayəndələri arasında sıx əlaqələrin qurulmasının vacibliyindən danışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə