“Səs” qəzetinin redaksiyasında “Əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib - FOTOSESSİYA

“Səs” qəzetinin redaksiyasında “Əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib - FOTOSESSİYA

Bu gün "Səs" qəzetinin redaksiyasında ulu öndərin anım gününə həsr olunmuş "Əbədiyaşar lider" adlı dəyirmi masa keçirilib.

SİA-nın xəbərinə görə, dəyirmi masanı giriş sözü ilə açan qəzetin baş redaktoru Bəhruz Quliyev bildirib ki, "Səs" qəzeti ənənəvi olaraq aktual məsələlərlə bağlı dəyirmi masalar təşkil edir: \"Bugünkü mövzumuz ulu öndərlə bağlıdır. Dahi öndər 8 ildir ki, aramızda yoxdur. Buna baxmayaraq ulu öndərin fikirləri, ideyaları memarı olduğu müstəqil Azərbaycan dövləti yaşayır, möhkəmlənir və günü-gündən inkişaf edir. Dəyirmi masada ulu öndərin fəaliyyətinə yaxından bələd olan, siyasi həyatını yaxından bilən insanlar iştirak edir\".

Tədbirdə çıxış edən Prezident Administrasiyasının beynəlxalq məsələlər şöbəsinin müdiri Novruz Məmmədov dahi öndər, böyük siyasətçi haqqında danışmağın çox çətin olduğunu deyib: "Dahi şəxsiyyət haqqında danışmaq üçün gərək ulu öndərin siyasi fəaliyyətini yaxından biləsən, onun yanında olasan və o zirvəyə çatmaq lazımdır ki, Heydər Əliyev haqqında fikir deyə biləsən.

Cəmiyyətlərin, xalqların tarixində müəyyən dövrlər olur, elə vəziyyətlə üzləşirlər ki, çıxış yolu tapmaq üçün hər bir addım atmağa hazır olurlar. Kortəbii olaraq onların istəyi bir enerji formasında cəmlənir. Bizdə də belə bir dövr 1988-ci ildə indiki \"Azadlıq\" meydanına bütün ölkənin nümayəndələrinin toplanması ilə oldu. Bu bir tarixəuyğunluq idi. Bu hadisə uzun müddət təşkilatlanma formasında hazırlanmadığı üçün orada baş verən proseslər də təbii idi. Həmin hadisələrdə bir təşkilatçı, lider yox idi. Belə bir prosesi də biz yaşadıq. Xalq azadlıq istəyirdi. Amma istəmək asandır, lakin onu yerinə yetirmək həmişə çətin olur. Azərbaycan xalqının xoşbəxtliyi onda oldu ki, o öz liderini vaxtında tapa bildi. Çünki o dövrdə hər hansı bir siyasi partiya formalaşmamışdı, bəzi qurumlar, təşkilatlar arasında ziddiyyətlər mövcud idi. Ölkəni isə bu vəziyyətdən ancaq Heydər Əliyev çıxara bilərdi və o şəxsiyyət də ona bəslənilən ümidləri doğrultdu".

YAP İdarə Heyətinin üzvü Kərim Kərimov isə çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyev həyatı boyu, apardığı mübarizəsində çox böyük çətinliklərlə üz-üzə qalıb: "İstər keçmiş Sovetlər Birliyində rəhbər vəzifədən uzaqlaşdırıldıqdan, Azərbaycana qayıtdıqdan sonra da Heydər Əliyevə qarşı böyük təzyiqlər olub. Sonralar Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra belə təzyiqlər davam edib. Bütün bunlara baxmayaraq dahi şəxsiyyət xalq naminə, millət yolunda mübarizəsindən əl çəkməyib".

Millət vəkili Fəzail Ağamalı çıxışında diqqətə çatdırıb ki, istənilən tarixi məqamda xalqın üzləşmiş olduğu problemləri aradan qaldırmaq, onun üzləşmiş olduğu problemlərdən daha az itki verməklə çıxarmaq üçün lider amili çox ciddi rol oynayır: "Bu baxımdan 1988-ci ildən başlayaraq, 1993-cü ilin iyununa qədər Azərbaycanda baş verən katoklizmlərin doğurmuş olduğu ağır nəticələrin əsas səbəbi həmin zaman kəsiyində Heydər Əliyevin bir lider kimi millətin önündə getməsinə imkan verilməməsi olub".

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək vurğulayıb ki, zamanından və məkanından asılı olmayaraq harda Azərbaycanın adı səslənirsə, həmin an gözümüzün önündə Heydər Əliyev canlanır və harada ulu öndərin adı çəkilirsə ilk öncə Azərbaycanı düşünürük: "Bu iki vəhdət əbədidir, daimidir. Bugünkü Azərbaycanın varlığı Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində, xalqın ağır bir vəziyyətdə olduğu dövrdə xalqın ümummilli liderə olan sevgisinin şahidi olmuşuq. Xalqın yeganə güvənc yeri Ulu Öndər idi. Azərbaycanı baş verən xaosdan, anarxiyadan, hakimiyyətsizlikdən qurtarmaq üçün xalq üzünü Heydər Əliyevə tutmuşdu. Ulu öndər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışdığı müddətdə belə ora Azərbaycanın bir çox bölgələrindən insanlar gəlirdi. Onların yeganə istəyi böyük dövlətçilik təcrübəsi olan, dahi siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi, ölkəni bu xaosdan, çətin vəziyyətdən xilas etməsi idi".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək o dövrün ictimai-siyasi hadisələrindən, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıb: "Heydər Əliyev Allah tərəfindən xüsusi missiya ilə Azərbaycan xalqına göndərilmiş bir lider, bir töhfə idi. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında birinci xidməti Dövlət Təhlükəsizlik Nazirliyindəki fəaliyyəti ilə bağlıdır. Çünki ulu öndərə qədər Azərbaycanın təhlükəsizliyini təmin edən orqan olan Dövlət Təhlükəsizlik Nazirliyi anti-Azərbaycan mərkəzi kimi çıxış edib. Heydər Əliyev ilk növbədə nazirlikdəki bu anti-Azərbaycan mərkəzindəki ocağı söndürməklə sonrakı ideoloji-siyasi mədəni, iqtisadi, siyasi inkişafın əsaslarını qoymuş oldu. Dövlətçilik institutlarını formalaşdıraraq onların funksiyalılığını təmin etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə