Londonda Elçinin “Şekspir” komediyasının premyerası olub

Londonda Elçinin “Şekspir” komediyasının premyerası olub

Londonun "The Horse Hospital" İncəsənət Mərkəzində yerləşən Avanqard Teatrda Azərbaycanın görkəmli dramaturqu, xalq yazıçısı Elçinin "Şekspir" komediyasının premyerası olub. SİA-nın xəbərinə görə, tamaşanın quruluşçu rejissoru Qrantlers İncəsənət Qrupunun rəhbəri, məşhur teatr xadimi Deyvid Perridir. Əsas rolları tanınmış aktyorlar Peter Stanford, Yovan Matiç, Eleanor Bennett, Konrad Peters və başqaları ifa ediblər.

Premyerada Böyük Britaniyanın tanınmış teatr xadimləri, yazıçılar, diplomatik korpus, mətbuat və bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Premyeradan əvvəl qonaqlar üçün qəbul keçirilib və qəbulda Deyvid Perri çıxış edərək Elçin dramaturgiyasının müasir dünya teatr sənətinin bədii-estetik tələblərinə cavab verdiyini, bu dramaturgiyada böyük sənətkarlıqla qaldırılan problemlərin heç bir coğrafi sərhədlər tanımadığını söyləyib.

Daha sonra səfir Fəxrəddin Qurbanov çıxış edərək bu əsərin Londonda tamaşaya qoyulmasının Azərbaycan ilə Böyük Britaniya arasındakı mədəni əlaqələrin daha da inkişaf etdirilməsində yeni bir addım olduğunu deyib. Sonda premyerada iştirak edən xalq yazıçısı Elçin çixiş edərək, təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə