Yaponiya parlamentində Azərbaycanın Dövlət Müstəqilliyi qeyd olunub
Dekabrın 2-də Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə Yaponiyanın Parlamentində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illik ildönümünə həsr edilmiş "Azərbaycan Respublikası – 20 ildə sürətli inkişafın nümunəsi" adlı iclas keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Yaponiya Parlamentinin, o cümlədən, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının üzvləri, Yaponiyanın Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının Yaponiya tərəfindən həmsədri Akira Amari Heydər Əliyevin 1998-ci il 24-28 fevral tarixlərində Yaponiyaya ilk rəsmi səfərini xatırladıb və bu səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 7-10 mart tarixlərində Yaponiyaya rəsmi səfərinin əməkdaşlığa yeni səhifə açıb.
Azərbaycanın Yaponiyadakı səfiri G.İsmayılzadə müstəqilliyin bərpa edildiyi son 20 il ərzində Azərbaycanın əldə etdiyi uğurlar, dövlətçiliyin möhkəmləndirildiyi, eləcə də sosial, siyasi, iqtisadi sahədə mütərəqqi islahatların həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Atılmış bu addımlar nəticəsində ölkəmizin sabit siyasi sistemə malik demokratik dövlətə çevrildiyi bildirilib, ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində son illər ərzində ümumdaxili məhsulun (ÜDM) bir neçə dəfə artdığı, sərmayə qoyuluşu üçün əlverişli hüquqi mühitin yaradıldığı qeyd olunub. G. İsmayılzadə dünya enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin oynadığını nəzərə çatdırıb, reallaşdırılmış və gələcəkdə reallaşdırılacaq enerji layihələri barədə məlumat verib. Bununla yanaşı, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyi, sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji kimi sahələrdə geniş imkanların mövcud olduğu vurğulanıb.
Görüş zamanı Azərbaycan Respublikası etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu diqqətə çatdırılıb, ölkəmizin 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi faktının bunun bariz nümunəsi olduğu bildirilib. Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazisinin 20%-nin işğalı, işğal nəticəsində bir milyondan çox əhalinin qaçqın və köçkün vəziyyətinə düşdüyü haqda da danışıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, Ermənistanın beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əhəmiyyət vermədiyi qeyd olunub. Sonda ölkəmizin tarixini və mədəniyyətini, turizm sahəsini əks etdirən video rolik nümayiş etdirilib.
Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin müdiri Masaki İkegami çıxışında Azərbaycanın iqtisadi göstəricilərinə görə regionun lider dövlət olduğunu, bu göstəricilərə görə Ermənistan və Gürcüstanı xeyli qabaqladığını söyləyib. O, bu il 22-23 noyabr tarixlərində Bakıda keçirilmiş növbəti Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak etdiyini xatırladıb. Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasına baş katibi Akihiro Ohata isə Azərbaycanın Yaponiya üçün regionda mühüm dövlət olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB