Tullantıların idarə edilməsi sahəsində ekoloji maarifləndirmə işlərinə hər zaman böyük önəm verən "Təmiz Şəhər" ASC tərəfindən iyul ayında elan edilmiş "Təmiz şəhər naminə" mobiloqrafiya foto müsabiqəsi başa çatdı.
Qurumdan SİA-ya verilən xəbərə görə, 4 ay davam edən müsabiqə ictimaiyyət, xüsusilə, gənclər tərəfindən çox böyük maraqla qarşılandı. Yarışmanın şərtlərinə əsasən peşəkar fotoçəkiliş üçün nəzərdə tutulmayan rəqəmsal kameralı avadanlığı (mobil telefon, noutbuk, planşet kompyuter və s.) olan hər kəs yarışmaya qatıla bilərdi. İki minə qədər istifadəçinin qeydiyyatdan keçdiyi fotomüsabiqənin rəsmi internet səhifəsində yarışmanın şərtlərinə cavab verən 58 fotoşəkil yerləşdirildi və 15 gün davam edən səsvermə nəticəsində birinci nominasiya üzrə qalib seçildi. Həmçinin şəhərimizin təmizliyinin qorunub saxlanılması və şəhəri çirkləndirənlərin ifşa olunması, sakinlərin dürüst davranışı və ictimaiyyətin rolunu əks etdirən digər fotoşəkillər səsvermə ilə yanaşı münsiflər heyəti tərəfindən 4 nominasiya üzrə (ən yaradıcı foto, ən tərbiyəvi foto, ən peşəkar foto, ən qeyri-adi foto) qiymətləndirilib.
5 dekabr tarixində "Park INN" otelində "Təmiz şəhər naminə" fotomüsabiqənin yekunlarına həsr edilmiş təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov son zamanlar gənclərin ətraf mühitin mühafizəsi və ekologiyanın qorunması məsələlərinə böyük maraq göstərməsinin çox sevindirici hal olduğunu qeyd etdi. Z. İbrahimov həmçinin mövcud ekoloji problemlərin həllində dövlət və dövlət qurumlarının əməyi ilə birlikdə ictimaiyyətin dəstəyinin əvəzolunmaz olduğunu vurğuladı. Tədbirin sonunda 5 nominasiya üzrə qalib gəlmiş gənc fotoqraflar "Təmiz Şəhər" ASC tərəfindən sertifikat və qiymətli hədiyyələrlə təltif edildilər.
"Təmiz şəhər naminə" Mobiloqrafiya fotomüsabiqənin əsas məqsədi ətraf mühitin mühafizəsi və ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək, tullantıların idarə edilməsi sahəsində ekoloji maarifləndirmə və bu sahədə əhalinin fəal iştirakını təmin etmək idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB