Milli Məclisdə 2012-ci il dövlət büdcəsinin layihəsi təsdiq olunub-YENİLƏNİB

Milli Məclisdə 2012-ci il dövlət büdcəsinin layihəsi təsdiq olunub-YENİLƏNİB

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. SİA-nın xəbərinə görə, Parlamentin spikeri Oqtay Əsədov gündəlikdə 10 gün əvvəl hökumətə göndərilən Azərbaycanın 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan məsələlərin olduğunu diqqətə çatdırılıb.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, gələn ilin dövlət büdcə layihəsi ilə bağlı həm komitələrdə, həm də Milli Məclisin plenar iclaslarında 74 deputat çıxış edib: "Deputatlar tərəfindən əhalinin rifah halının yaxşılaşdırılması, ölkənin müdafiə potensialının gücləndirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sənaye və aqrar sektorlara, bələdiyyələrə, QHT-lərə dövlət dəstəyinin artırılması, hərbiçilərin sosial müdafiəsini gücləndirilməsi, qeyri-neft sektorunun, regionların inkişafı, vəsaitlərin istifadəsində dövlət və ictimai nəzarətin daha da artırılması ilə bağlı təkliflər, suallar, tövsiyələr irəli sürülüb".

Verilən təkliflər müzakirə olunduqdan sonra ümumilikdə, büdcənin xərclər hissəsi 87,6 milyon manat və ya 0,5% artırılaraq 17,072 milyard manata çatdırılıb. Nəticədə, büdcə kəsiri 634 milyon manata çatıb. Dəyişikliklər səsə qoyularaq təsdiqlənib.

Milli Məclisin və Hesablama Palatasının 2012-ci il üçün xərclər smetaları təsdiq edilib.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 16 438 milyon manat, xərcləri 17 072 milyon manat, büdcə kəsiri 634 milyon manat həcmində proqnozlaşdırılır. Büdcənin gəlirlərinin ümum daxili məhsula nisbəti 37,8% səviyyəsində proqnozlaşdırılır ki, bu da 2011-ci ilə nisbətən 1 faiz çoxdur.

Gələn il Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5,310 milyard manat vəsait daxil olması gözlənilir ki, bunun 59,9%-i qeyri-neft sektorun payına düşür. Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə gəlirlərinin 1,2 milyard manat, Azərbaycan Dövlət Neft Fondundan transfertlərin 9,905 milyard manat olacağı proqnozlaşdırılır.

Büdcənin əsas xərclər istiqamətləri sırasında sənaye, tikinti və faydalı qazıntılara 5,794 milyard manat, dövlət əsaslı vəsait qoyuluşuna 5,774 milyard manat, sosial müdafiə və sosial təminata 1,782 milyard manat, təhsilə 1,576 milyard manat, müdafiəyə 1,381 milyard manat, ümumdövlət xidmətlərinə 1,198 milyard manat həcmində xərcləri qeyd etmək olar.

Dövlət büdcəsinin xərclərinin ümum daxili məhsula nisbəti 39,1% səviyyəsində proqnozlaşdırılır ki, bu da 2011-ci ilə nisbətən 1,5 faiz bəndi çoxdur.

Azərbaycan Parlamenti \"2012-ci ildə ehtiyac meyarı haqqında\", \"2012-ci ildə yaşayış minimumu haqqında\" qanun layihələrini təsdiqləyib.

2012-ci ildə ehtiyac meyarının səviyəsinin hazırkı 75 manatdan 84 manata çatdırılması planlaşdırılır.

Dövlət büdcəsi layihəsinə görə, 2013-cü ildə bu göstərici 92 manata, 2014-cü ildə 100 manata, 2015-ci ildə 106 manata çatdırılacaq.

Gələn il ölkə üzrə yaşayış minimumu hazırkı 95 manatdan 108 manatadək, eləcə də əhalinin əməkqabiliyyətli hissəsi üçün 102 manatdan 116 manatadək, pensiyaçılar üçün 72 manatdan 84 manatadək və uşaqlar üçün 76 manatdan 87 manatadək artırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə