Qaniçənlər, vampir və qanqsterlər niyə dəbdədir?-ARAŞDIRMA

Qaniçənlər, vampir və qanqsterlər niyə dəbdədir?-ARAŞDIRMA

Bu gün kino sənayesində daha çox tələbat dəhşət, qorxu saçan, qəhrəmanları qanqster, qulyabanı və ya vampirlər olan filmlərədir. Bu filmlər dünyada həm uşaqlar, həm də böyüklər arasında geniş tamaşaçı auditoriyası toplayıb. Ötən əsrin 20-30-cu illərindən Amerika kinosunda bu xətt üstünlük təşkil edir. Çünki bu filmlər onu istehsal edən şirkətlərə külli məbləğdə vəsait gətirir. Qulyabanı və vampirlərdən bəhs edən filmlərdə seçilən süjet xətləri, onların rəngərəngliyi, müasir kompüter imkanlarından istifadə, populyar aktyorların iştirakı, tamaşaçını filmə bəzən bir neçə dəfə baxmağa məcbur edir. Tamaşaçıların marağından sui-istifadə edən kinematoqrafçılar isə hətta normal filmlərə belə zorakılıq elementlərini əlavə edirlər.


Hesablamalarına görə, kino sənayesində satışa görə birinci yeri tutan bu filmlərə ABŞ-da 29 milyon uşaq \"DVD\" vasitəsilə tamaşa edir. Oxşar vəziyyət dünyanın digər ölkələrində də müşahidə olunmaqdadır. Hazırda Azərbaycanda da bu səpkidə olan filmlərə böyük tələbat var. Məsələn dünyada populyar olan və böyük maraqla izlənilən "Avatar" filminin disklərinin satışı Azərbaycanda da rekordu qırıb.


Disk satışı ilə məşğul olan mağazalarda keçirdiyimiz sorğu zamanı satıcılar bildirdilər ki, hazırda daha çox dəhşət və qorxunu əks etdirən cizgi filmləri satılır: "Elə müştərilərimiz var ki, kino yeniliklərini internet və ya televiziya vasitəsi izləyir və yeni bir film istehsal edilən kimi onun disklərini sifariş verirlər".



Azərbaycan televiziyalarında dəhşət filmlərinin nümayişinə qadağa qoyulub




Bəzi ölkələr isə öz vətəndaşlarının psixologiyasını sığortalamaq məqsədilə bu filmlərin nümayişində xüsusi üsullardan istifadə edir. Məsələn ABŞ-da yaş hədləri üzrə reytinqlər sistemi mövcuddur ki, uşaqlara mənfi təsir göstərən filmlərə baxmaq imkanları məhdudlaşdırılıb. Belə ki, valideynlər xüsusi kodlar vasitəsilə televiziyada nümayiş etdirilən filmlərə uşağın baxa bilib-bilməyəcəyini müəyyənləşdirirlər. Əgər filmə baxmağı uşağa məsləhət görmürlərsə, xüsusi kodla onun nümayişini məhdudlaşdırırlar.


Amerika Kino Sənayesi Assosiasiyasının çəkdiyi bu tip kinolar \"R\" reytinqinə aid edilib. Belə ki, 17 yaşdan kiçiklərin bu filmlərə baxması qəti qadağandır. Rusiyada da filmlərin prokat vəsiqələrində, eləcə də telekanalların proqramlarında müvafiq kodlar tətbiq edilir. Filmlərin yanında \"D-13\", \"D-17\" kodlaşmasının göstərilməsi valideynin uşağa nəzarət etməyə çağırır.

Dəhşət filmlərinin, aqressiv ruh aşılayan bədii ekran əsərlərinin Azərbaycan televiziyasında da nümayişinə qadağa qoyulub.



Müəllif Hüquqları Agentliyindən isə bildirildi ki, audit-video kaset, \"CD\" və \"DVD\"lərin açıq satışı istənilən mövzuda film seçilməsinə gözəl şərait yaradır. Bütün bunlar isə valideynlərin nəzarət imkanlarını məhdudlaşdırır.




Dəhşətə baxmalı ya yox?




Bəs, görəsən, neçə yaşından uşaqlar dəhşət filmlərinə baxa bilər və bu filmlər uşağın psixologiyasına necə təsir edir?


Bəzi mütəxəssislər hesab edir ki, bu əsasən uşaqların individual xüsusiyyətlərindən asılıdır. Uşaqların yenicə formalaşan daxili aləmlərinə, psixologiyasına bu cür filmlərin mənfi təsiri daha təhlükəli nəticələrə səbəb ola bilər. Ümumiyyətlə isə hesab olunur ki, zorakılıq, dəhşət dolu kadrlar nəinki uşaq, elə böyüklərin də psixologiyasına mənfi təsir göstərir və psixologiyanın dəyişməsinə səbəb olur.


Dəhşət filmlərinin uşaq psixologiyasını pozması ilə bağlı əyani sübutlar var. Belə ki, bu cür təsirlər altında böyüyən uşaqlar sonrakı həyatlarında aqressiv olur, ətrafdakı insanlarla kobud davranır, hətta cinayətə meylli olurlar. Ancaq bu məsələ ilə bağlı indiyə kimi konkret heç bir araşdırma aparılmayıb.


Dəqiq nəticələr məlum olmadığı üçün isə bu günə qədər hələ də uşaqların dəhşət filmlərinə baxması və ya baxmaması mübahisə predmetidir.



Bəzi mütəxəssislər isə hesab edir ki, 6-7, 11-12 yaşlı uşaqlar üçün qorxulu nağıllar, cizgi filmləri, dəhşət filmləri maraqlı olduğu üçün bu qorxunu yaşamalıdırlar. Hesab olunur ki, bu qorxunu yaşayan uşaqlar yaşamayanlarla müqayisədə gecələr yalnız qalmaqdan qorxmur, qorxu hiss yarandıqda belə onu dəf etməyi bacarırlar. Çünki bu hiss onlara tanış olduğundan onunla mübarizə aparmağı bacarırlar. Qorxu hiss bir növ özünə inam, özünə dəyər vermə hisslərinin aşılanmasına yardım edir.


Bu səbəblərə görə, bəzi mütəxəssislər bu filmlərə baxmağı məhdudlaşdırmaqla uşağı emosiyalardan və intellektual psixologiyanın düzgün inkişaf etməsindən mərhum etmək kimi qiymətləndirir.


Psixiatr Rəna Muradova hesab edir ki, nağıllarda hər zaman xeyir şərə qalib gəlir, həqiqətin qələbə çalması kimi fikirlər aşılanır. Ancaq müasir zamanda bu kimi məqamlarla bağlı diferensiasiya yoxdur. Uşaqlar böyüklər nəyə baxırsa, ona baxırlar. Ancaq valideynlər bilməlidir ki, zorakılıq, təcavüzkarlıq olan filmlər, cizgi filmləri azyaşlılarda psixoloji gərginlik yaradır. Tədqiqatlar sübut edib ki, bu cür filmlərə baxmaq adrenalinin artıq ifrazına gətirib çıxarır ki, bu da uşaqların psixoloji inkişafı üçün təhlükəlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə