Argentinada Azərbaycan milli qadın geyimlərinin nümayişi keçirilib - FOTOSESSİYA

Argentinada Azərbaycan milli qadın geyimlərinin nümayişi keçirilib - FOTOSESSİYA

cari ilin 2 dekabr tarixində Buenos-Ayresdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsi ilə bağlı mədəni tədbirlər çərçivəsində argentinalı tələbələr tərəfindən hazırlanmış Azərbaycan milli qadın geyimlərinin nümayişi təşkil olunub. Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, geyimlərin nümayişi Azərbaycanın Argentinadakı Səfirliyi və Buenos-Ayresin Belqrano Universitetinin Dizayn və arxitektura fakültəsinin birgə əməkdaşlığı ilə bu universitetdə həyata keçirilən \"Azərbaycanın milli geyimləri və onların hazırlanması\" proqramının yekunu olaraq təşkil olunub.

Tədbirin açılışında çıxış edən səfir Məmməd Əhmədzadə ölkəmizin qədim və zəngin mədəni irsi haqqında məlumat verib, bu cür tədbirlərin xalqlararası əlaqələrin qurulması üçün vacib olduğunu qeyd edib, argentinalı tələbələrin onlara yad olan bu geyimləri uğurla hazırladıqları üçün universitetin müəllim və tələbə heyətini təbrik etmiş və universitetə öz təşəkkürünü bildirib.

Universitetin Dizayn və arxitektura fakültəsinin geyim dizaynı bölməsinin akademik işlər üzrə direktoru Karina Freidrek çıxış zamanı bu layihə ilə bağlı başladığı təşəbbüsə və proqram boyunca göstərdiyi yardıma görə Səfirliyə təşəkkürünü bildirib və Səfirliklə əməkdaşlığın universitetin başqa sahələrinə də tətbiqinin maraqlı olduğunu bildirib.

Ardınca Azərbaycan xalq mahnısı Sarı Gəlinin sədaları altında tələbələr tərəfindən hazırlanmış Azərbaycan milli qadın geyimləri argentinalı manikenlər tərəfindən nümayiş etdirilib. Geyimlərin nümayişi auditoriya tərəfindən sürəkli alqışlarla qarşılanıb. Geyimlərin hazırlanmasında iştirak etmiş tələbələr Səfirlik tərəfindən Azərbaycan suvenirləri və Azərbaycan haqqında materiallarla mükafatlandırılıb. Geyimlərin nümayişi Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi ilə müşayiət olunmuş və qonaqlara milli mətbəximiz təqdim olunub.

Proqramın məqsədi Azərbaycanın Argentinada təbliği və argentinalıların milli mədəniyyət və ənənələrimizlə yaxından tanış edilməsi olub. Tədbirə Argentinanın elmi-mədəni, ictimai-siyasi çevrələrinin, parlamentin, kütləvi informasiya vasitələrinin, Buenos-Ayresdə akkreditə olunan diplomatik korpusun nümayəndələri və universitetin müəllim və tələbə heyəti qatılıb. Hazırlanmış Azərbaycan milli qadın geyimləri və sərgi stendi növbəti iki həftə ərzində Belqrano Universitetinin foyesində nümayiş etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə