Gənclər üçün Təhsil Mərkəzi bu gün "5 dekabr-Beynəlxalq Könüllülər Günü" münasibəti ilə bir neçə regionda "Biganə olma, sən də könüllü ol!" şüarı altında tədbirlər keçirib.
SİA-nın xəbərinə görə, Bakı, Cəlilabad və Füzulidə keçirilən tədbirlərin əsas məqsədi gənclər arasında könüllülüyü təşviq etmək, sosial yönümlü fəaliyyətlərdə gənclərin fəal şəkildə iştirakını stimullaşdırmaq və könüllü fəaliyyətin əhəmiyyətini ictimaiyyətə çatdırmaq olub.
Bu məqsədlə Mərkəz ilkin olaraq, hər bir regionda 10 nəfər fiziki qüsurlu və 20 nəfər çətin vəziyyətdə yaşayan kimsəsiz yaşlı insan seçib. Daha sonra əvvəlcədən hazırlanmış könüllüləri ilə birgə həmin insanların evlərinə səfər edərək, onlara müxtəlif məişət məsələlərində təmənnasız kömək ediblər.
Praktiki olaraq təşkil edilmiş bu aksiyada Mərkəzin könüllüləri ehtiyacı olan insanlara yardım etməklə yanaşı, ətrafdakı gənclərin də könüllülük fəaliyyətinə cəlb olunması üçün müxtəlif maarifləndirici nəşrlərin paylanmasını da həyata keçiriblər.
Qeyd edək ki, BMT Baş Assambleyası 1985-ci ildə hökumətlərə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixini "Beynəlxalq Könüllülər Günü" kimi qeyd etməyi təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB