Bəbirləri qorumaq məqsədilə milli plan hazırlanıb

Bəbirləri qorumaq məqsədilə milli plan hazırlanıb

Vəhşi təbiətdə bəzi heyvanlar tükənmək üzrədir. Adları "Qırmızı kitab"a düşən bu heyvanlar sırasında bəbirlər də var. Bəbirləri qorumaq məqsədilə beş ili əhatə edən milli plan hazırlanıb. Vəhşi təbiətin ümumdünya fondunun Azərbaycan üzrə koordinatoru Elşad Əkbərovun verdiyi məlumata görə, milli plana əsasən bəbirlərin qorunması və artırılması istiqamətində tədbirlər görülür: "Layihə çərçivəsində pilot seçilən rayonların ərazisində mühafizə rejimi tətbiq edilib. Görülən işlər nəticəsində İlisu qoruğu, Mingəçevir su anbarı ərazilərində bəbirlərin izləri aşkarlanıb. Gürcü həmkarlarımızla aparılan işlərin nəticəsində Vaşlovani milli parkında da bəbirlərin olduğu aşkar edilib. Birgə səylər nəticəsində sözügedən ərazilər hazırda nəzarətdədir. Bununla belə Şirvan Milli Parkında ceyranların artırılması istiqamətində də işlərə başlanılıb. Bu ərazidə ceyranların peyda olması bəbirlərin əraziyə axının çoxalda bilər".



E. Əkbərov bəbirlərin xüsusiyyətləri haqda da məlumat verdi: "Pişikkimilər fəsiləsinin nümayəndəsi olan bəbir dartılmış, güclü qamətli bədənə, dəyirmi, iri başa, uzun quyruğa və güclü ayaqlara malikdir: \"Bədəninin uzunluğu 91 - 180, quyruğu 75 - 110 santimetrdir. Bəbirlər gecə heyvanlarıdır. Əhali məskunlaşan ərazilərə yaxın yerlərdə tək-tək yaşayır və gecələr ova çıxır. Lakin gündüz, əsasən də tutqun havalarda da ova çıxması halları qeydə alınıb. Bəbirlər təbiətdə zəif və xəstə heyvanları ovlamaqla xəstəliklərin qarşısının alınması və ekoloji tarazlığın qorunmasında xüsusi rol oynayır. Azərbaycanda bəbirin keçmiş arealı Böyük və Kiçik Qafqazı, Alazan çayı vadisini, Talış və Araz çayının orta hissəsini (Naxçıvan MR), bu yaxınlara qədər isə Talışın Azərbaycan hissəsi daxil olmaqla demək olar bütün Kiçik Qafqazı əhatə edirdi. Daha sonra Azərbaycanda bəbirin arealı sürətlə kiçilməyə başladı. Hazırda bu növ yalnız Talış dağlarında (Lənkəran, Astara və Lerik rayonlarında), Zəngəzur (Kiçik Qafqazın cənub-şərq hissəsində (Zəngilan, Qubadlı rayonlarında), Qarabağ və Naxçıvan dağlarında (Zəngəzur mahalının Naxçıvana aid hissəsində), son məlumata görə isə Acınohur ərazisində qeydə alınıb\".

Qeyd edək ki, ölkədə bəbirlərin ovlanması qadağandır. Belə ki, Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli 176 saylı qərarının \"Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmiş qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr haqqında\" 3.1- ci maddəsinə əsasən 1 baş bəbirin ovlanmasına görə dəyən ziyanın miqdarı şərti maliyyə vahidinin 3000 mislinə bərabərdir. Yəni 1 baş bəbirin ovlanmasına görə cərimə 3300 manat təşkil edir. Əgər bu heyvan xüsusi mühafizə olunan təbiət ərazilərində ovlanarsa, bu ziyan 2 və 3 qat ölçüdə hesablanır".


Bütün xəbərlər Facebook səhifəmizdə