Özəl telekanallar sərhədyanı bölgələrdə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmirlər

Özəl telekanallar sərhədyanı bölgələrdə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmirlər
Texniki baxımdan Azərbaycanın teleradio efirinin qorunması üçün bütün tədbirlər görülüb. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkələrlə televiziya yayımının efir məsələsi ilə bağlı hazırda iki məsələni müzakirə edir: "Bunlardan biri texniki, o biri isə məlumatın təbliğatıdır. İran tərəfdən kiçik bir ərazidə teleradio yayımı mövcuddur. Biz də etiraf etməliyik ki, Azərbaycan telekanalları İranın müəyyən hissəsində yayılır. Bu məsələlər Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun İrana son səfəri zamanı müzakirə olunub. Sərhədyanı bölgələrdə bununla mübarizə aparmağın mənası yoxdur. Amma təbliğat xarakterli verilişlərin yayımlanması yolverilməzdir". Nazir qeyd edib ki, ildə bir dəfə sərhədyanı bölgələrdə teleradio yayımının efir vəziyyəti ilə bağlı monitorinq aparılır: "Azərbaycanın özəl telekanalları sərhədyanı bölgələrdə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmirlər. Monitorinqin nəticələri ilə bağlı təkliflərimizi Milli Teleradio Şurasına göndəririk". Ə.Abbasov deyib ki, ilkin məlumatlara görə, Azərbaycan və İran teleradio yayımına dair sərhədboyu tənzimləmə protokolu imzalayacaq: "İki ölkə arasında texniki protokollar var, amma bəzən bundan kənara çıxma hallarına rast gəlinir. Ona görə də yeni protokolların imzalanmasına ehtiyac var. Ermənistanla müharibə vəziyyətində olduğumuz üçün onlara qarşı texniki mübarizə daha güclü şəkildə aparılır. Beynəlxalq tədbirlərdə onların da bizə iradları olur. Amma iki ölkənin telekanalları ayrı-ayrı dillərdə yayımlandığı üçün bu sahədə situasiya dözülməz səviyyədə sayıla bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə