DQMK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Çində səfərdədir

DQMK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Çində səfərdədir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. SİA_nın xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin Çinin kadrlar və sosial təminat nazirinin müavini Yan Şiçyu ilə görüşündə ölkələr arasında tarixi dostluq əlaqələrinin olduğu bildirilib.Yan Şiçyu bu sahədə ikitərəfli əlaqələrin genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Çin Xalq Respublikası ilə bu əməkdaşlığın iki xalq arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə və yeni səviyyəyə çıxaracağına əminliyini bildirib. Görüşdə müvafiq sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin, təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Çinin Nəzarət Nazirliyində keçirilən görüşdə nazir müavini Yao Cenkı Azərbaycanın dövlət qulluğu sahəsində nəzarətin həyata keçirilməsi üzrə böyük təcrübəyə malik olduğunu və ondan faydalanmağın zəruriliyini qeyd edib. Nümayəndə heyətinin Çinin Dövlət Qulluğu Məsələləri üzrə Dövlət İdarəsinin rəis müavini Fu Sinquo ilə görüşündə hər iki ölkədə gedən proseslər və islahatlar haqqında məlumat verilib. Gorüşdə Azərbaycan Respublikası və Çin Xalq Respublikasının beynəlxalq səviyyədə daim bir-birinə dəstək verməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Çinin ədalətli mövqeyi xüsusi vurğulanıb. Azərbaycanın Pekindəki səfirliyində nümayəndə heyətinin Çində təhsil alan azərbaycanlı tələbələrlə görüşü də olub.

Dekabrın 2-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Çendu şəhərində dövlət qulliğunun idarə olunması işi ilə tanış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə