Əlil məhbuslarla görüş keçirilib

Əlil məhbuslarla görüş keçirilib

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq indiyədək bir çox Cəzaçəkmə Müəssisələrində əlil məhbuslarla görüşlər keçirilib.

"Beynəlxalq Əlillər Cəmiyyəti"ndən SİA-ya verilən xəbərə görə, müxtəlif qruplu əlilliyi olan məhkumlarla növbəti tədbir Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində keçirilib. Tədbirdə 22 nəfər əlilliyi olan məhbus, "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri Tahir Xudiyev, Birliyin hüquqşünası Səhəddin Cəfərov, Penitensiar Xidmətin Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru Əli Nəbiyev, 16 saylı Cəzaçəkmə Müəssisəsinin təlim-tərbiyə işinin təşkili üzrə rəis müavini Rasim Bayramov və dəstə rəisləri iştirak ediblər.

Məlumat üçün bildiririk ki, bu Cəzaçəkmə Müəssisəsində əvvəl də əlil məhbuslarla görüş keçirilib. Həmin görüşdən sonra əlil məhbusların problemləri İctimai Birlik tərəfindən aidiyyəti dövlət qurumlarına çatdırılmış və müvafiq cavablar alınıb. İndiki görüşdəki məqsəd qaldırılmış problemlərin nəticələri barəsində söhbət aparmaq və digər məhbusların problemləri ilə tanış olmaq idi.

2-ci qrup əlil məhbus, məcburi köçkün Şahmurad İbayev çıxış edərək birinci tədbirdən sonra onun ev probleminin həll edildiyini bildirib. Ş.İbayev ona ailə üzvləri tərəfindən verilmiş məlumata əsasən deyib ki, birinci tədbirdən sonra onun ev probleminin həlli ilə bağlı aidiyyəti dövlət qurumu tərəfindən xüsusi komissiya təşkil edilərək onun ailəsinin yaşayış şəraiti ilə maraqlanmış və müsbət həlli yolunda işlər aparılıb.

Tədbirdə mövzu ilə əlaqədar Tahir Xudiyev, Əli Nəbiyev, Səhəddin Cəfərov, Rasim Bayramov çıxış ediblər.

Söhbət zamanı əlil məhkumları maraqlandıran suallar cavablandırılıb, onların irəli sürdükləri problem və çətinliklər dinlənilib və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə