Azərbaycanın Ermənistanla sərhəd rayonlarında mina ilə zəngin təhlükəli yerlər var

Azərbaycanın Ermənistanla sərhəd rayonlarında mina ilə zəngin təhlükəli yerlər var

Azərbaycan müharibəyə məruz qalmış ölkə olduğu üçün hər bir rayonda partlamamış hərbi sursatların olması labüddür. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Mina Təhlükəsinə dair Maarifləndirmə Departamentinin meneceri Musa Cəlalov deyib. O bildirib ki, hər hansı bir rayonda tapılmamış hərbi sursat barədə məlumat alan kimi təcili əməliyyat qurpu həmin rayona gedərək sursatı zərərsizləşdirir. Onun sözlərinə görə, bu gün Azərbaycanın Ermənistanala sərhəd olan və cəbhəboyu rayonlarda çoxlu təhlükəli ərazilər var. "Onların çox qismi ANAMA tərəfindən təmizlənib. Amma təhlükə hələ də qalmaqda davam edir. Hərbçilərə yaxın olan yerlərdə elə ərazilər var ki, oralar nəzarət altındadır və ora girmək mümkün deyil. Çünki düşmən tərəfdən snayperlə əməliyyatçılar vurula bilər. Ona görə də həmin ərazilərdə əməliyyat aparmırıq. Bizə icazə verilən yerlərdə bu işlər görülür. Amma təhlükə hələ də qalmaqda davam edir".

M.Cəlalov qeyd edib ki, həmin yerlərdə əhalinin təhlükəsizliyini təmin etmək üçün mina təhlükəsizliyinə dair maarifləndirmə proqramı həyata keçirilir. Onun sözlərinə görə, 24 rayon üzrə 1200 məktəbdə bu işlər görülür.

"2335 müəllim 4-6-cı siniflərdə bu kursu keçir. 2004-cü ildə təsdiq olunan bu kursa hər il 52 min şagird cəlb olunur. Demək olar ki, 2004-cü ildən bu günə kimi məktəblilər arasında minalar və mərmilərdən ölüm halları 0-a enib və bu da işlərimizin uğurudur", - deyə təşkilat nümayəndəsi deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə